“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tərtərdə keçirilib (FOTO)

AFFA-nın, Yelo Bank-ın və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 3 iyul 2021-ci il tarixdə müharibə zamanı ön cəbhədə yerləşən Tərtər rayonunda keçirilmişdir. Vətən müharibəsi zamanı düşmən tərəfindən Tərtərə ümumilikdə toplardan, tanklardan və minaatanlardan 16722 mərmi və 21 qadağan olunmuş raket atılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən Vətən Müharibəsində torpaqlarımız işğaldan azad edildikdən sonra bu layihə üzrə növbəti tədbir müharibə zamanı düşmən tərəfindən ən çox atəşə, dağıntılara məruz qalan Tərtər rayonunun vaxtı ilə cəbhə bölgəsində yerləşən Əskipara və Səhləbad kəndlərində keçirilmişdir. Tədbirdə bu kəndlərdən ümumilikdə 50 məktəbli uşaq iştirak etmişdir. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 95 saylı Tərtər Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat Sahib Alıyev və rayon ictimayətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Rauf Əliyev və Sahib Alıyev çıxış edərək cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və Ermənistan üzərində tam və qəti qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini və hazırda işğaldan azad olunmuş ərazilərdə Böyük Qaydış Proqramı üzrə aparılan geniş miqyaslı tikinti quruculuq işlərini qeyd etmişlər. Qeyd olunmuşdur ki, müharibə zamanı Əskipara kəndində düşmən tərəfindən dağıdılmış məktəb binasının bərpasına başlanılmışdır. Tədbirdə çıxış edənlər eyni zamanda bölgələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər.


Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Teqlər: