“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göygöl rayonunda keçirilib (FOTO)

AFFA-nın və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 9 noyabr 2021-ci il tarixdə Göygöl rayonunda keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Səlyan, Göyçay, Beyləqan rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilmişdir

Göygöl rayonunun Bəhrambəy kəndində keçirilmiş tədbirdə 50 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Göygöl rayonundan Milli Məclisə seçilmiş deputat Elşad Mirbəşir, Milli Məclisin deputatı Sabir Hacıyev, Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Elşad Mirbəşir və Sabir Haciyev çıxış ediblər. Tədbirdə çıxış edənlər tədbir iştirakçılarını 8 noyabr- Zəfər Günü və 9 noyabr Dövlət Bayraq Günü münasibəti ilə təbrik edərək bu Dövlət və Ümumxalq bayramlarının əhəmiyyətini vurğulayaraq, bu Bayramların Azərbaycan tarixində əbədi olaraq qalacağını bildirmişlər. Çıxış edənlər qeyd etdilər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərin, 8 noyabr – Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifəsi olduğunu vurğulamışlar. Eyni zamanda çıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər. Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Teqlər: