AFFA-nın, Yelo Bank-ın və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 14 sentyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.
2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz və Xəzər rayonunun qəsəbə və kəndlərində keçirilmişdir.
Cocuq Mərcanlı kəndində keçirilmiş bugünkü tədbirdə 50 məktəbli uşaq iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Ceyhun Məmmədov, 84 saylı Fizuli seçki dairəsindən seçilmiş deputat Vüqar Bayramlı və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatları Rauf Əliyev, Ceyhun Məmmədov və Vüqar Bayramlı çıxış ediblər. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən geniş miqyaslı tikinti quruculuq işlərini qeyd etmişlər. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər.
Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.
Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.