“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Ağdaşda keçirilib (FOTO)

AFFA, Yelo Bank və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 21 sentyabr 2021-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilib.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl rayonunun qəsəbə və kəndlərində keçirilib.

Qolqəti kəndində keçirilmiş bugünkü tədbirdə 50 məktəbli uşaq, o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak edib. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Cavid Osmanov, Milli Məclisin deputatı Sabir Hacıyev, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və rayon ictimayyətinin nümayəndələri iştirak edib. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Cavid Osmanov , Sabir Hacıyev və Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış ediblər. Tədbirdə çıxış edənlər 27 sentyabır Azərbaycanda Anım Gününün qeyd olunması ilə əlaqədar qeyd etdilər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Eyni zamanda, çıxış edənlər respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrində belə tədbirlərin təşkil edilməsinin idmanın inkişafı üçün əhəmiyyətini qeyd ediblər.

Bugünkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Bu layihə üzrə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Teqlər: