Kəmaləddin Heydərov Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

30 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən kubalı həkim briqadasının rəhbəri Dalsy Torres Avila da iştirak edib.

Nazir Kəmaləddin Heydərov qonaqları səmimi salamlayaraq, Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə davamlı olaraq inkişaf etdiyini qeyd edib. Bu çərçivədə, nazir ölkələrimizin uyğun qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışaraq, bunun üçün böyük imkanların olduğunu bildirib, gələcəkdə kubalı gənclərin müasir standartlar səviyyəsində fəaliyyət göstərən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almaq imkanlarını xüsusi qeyd edib. Həmçinin, ölkə rəhbərliyinin nəzarəti altında respublikada yeni növ koronavirusla (COVID-19) uğurlu mübarizə tədbirləri barədə danışan K.Heydərov, bu çərçivədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında ölkəmizə dəvət olunmuş kubalı həkimlərin səmərəli fəaliyyətinə toxunub.

Səfir Alfredo Nieves Portuondo səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycan və Kuba arasında əməkdaşlığın yüksələn xətlə inkişafını qeyd edib, fövqəladə halların idarə edilməsi sahəsində iki ölkənin uyğun qurumlarının əməkdaşlıq imkanlarından bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Teqlər: