Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.
Qurumdan AzerTimes-a bildirilib ki, əvvəlcə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən iclas Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə, əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar hazırladığı “Heydər Əliyev və əhalinin təhlükəsizliyi” mövzusunda film nümayiş olunub.
İclasda çıxış edən nazir Kəmaləddin Heydərov 2023-cü ilin – Azərbaycan xalqının böyük ehtiram və fəxarət hissi ilə qeyd etdiyi “Heydər Əliyev İli”nin tariximizə taleyüklü əhəmiyyətli hadisələrlə – möhtəşəm uğurlar, hərbi zəfərlər və strateji hədəflərin reallaşması ilə həkk olunduğunu deyib. 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması və parlaq Zəfər qazanılmasını dövlətçilik tariximizin ən mühüm hadisəsi kimi qiymətləndirən nazir Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu il sentyabrın 19-da keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasını qürur hissi ilə xatırladıb.
Nazir vurğulayıb ki, bugünkü Azərbaycanın tarixi nailiyyətlərinin möhkəm təməlləri məhz 1993-2003-cü illərdə qoyuldu. Müdrik uzaqgörənliyi, zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və sonsuz Vətən sevgisi sayəsində ölkəmizi zamanın çox keşməkeşli sınaqlarından uğurla çıxaran Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlərə imza atır. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng layihələr, görülən misilsiz işlər Azərbaycanın gücünü, qüdrətini dünyaya bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə işğaldan azad edilmiş rayonlarımıza mütəmadi səfərləri və burada aparılan yenidənqurma işlərini şəxsən nəzarətdə saxlamaları Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini daha da sürətləndirib.
Sözünə davam edən Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin cari ildə ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. İşğaldan azad olunmuş bölgələrdə əhalinin və ərazilərin təhlükəsizliyinin, insanların həyat fəaliyyətinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirlərin davam etdirildiyini bildirib. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz davam etdirilir. Bu işlərdə ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar da tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib. Nazirliyin nəzarət qurumları tərəfindən ərazilərdə aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Nazir bu il də ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini bildirib. Respublika üzrə cari il ərzində 13891, o cümlədən Bakı şəhərində 4462, işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi qeydə alınıb ki, bu da orta hesabla hər gün 42 yanğına çıxış deməkdir. Yanğınlardan 15 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 94 dövlət və 396 özəl obyekt, 334 çoxmənzilli bina, 514 fərdi ev, 455 yardımçı tikili, 304 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 16 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 762 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
K.Heydərov qeyd edib ki, xüsusi riskli xilasetmə qrupları 1286 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1432 nəfər zərərçəkmişi xilas edib, həmçinin 93 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb. Bununla bərabər, yanğınsöndürən-xilasedicilər tərəfindən 168 nəqliyyat və digər qəzalarda 269 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 61 nəfərin cəsədi avtomobillərdən çıxarılıb. Həmçinin, 17 partlayış hadisəsi ilə əlaqədar xəsarət almış 20 nəfər və həlak olan 5 nəfərin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2023-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 110 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 94 nəfər olmaqla, cəmi 204 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 64 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 1 milyon 400 minə yaxın və ya orta hesabla hər gün 5 minə yaxın zəng daxil olub.
Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 66 mindən artıq obyektdə yanğın-tехniki müayinələr aparılıb, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 390 minə yaxın tələbi özündə əks etdirən tələbnamə məktubları vеrilib, eyni zamanda, 220 mindən artıq vətəndaş yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb.
Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 4080 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2909 müəssisədə 34 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, həmçinin 5680 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 272 nəzarət-yoxlama tədbiri, eyni zamanda radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 353 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 98 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 2164 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.
Nazir onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri, tibb personalı və digər mütəxəssisləri cari ilin fevral ayında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, axtarış-xilasetmə əməliyyatlarının aparılması, əhaliyə tibbi və psixoloji yardım göstərilməsi, həyat təminatı vasitələri ilə təmin edilməsi tədbirlərini uğurla yerinə yetirib.
Çıxışının sonunda nazir Kəmaləddin Heydərov əminliklə bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarından güc alan, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısını gündəlik fəaliyyətlərində yaxından hiss edən Fövqəladə Hallar Nazirliyinin kollektivi Azərbaycan vətəndaşlarının dincliyinin, rahatlığının və təhlükəsizliyinin qoruması istiqamətində əməli fəaliyyətini bundan sonra da şərəflə davam etdirəcək.
Sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Nazirliyin qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Daha sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 dekabr 2022-ci il tarixli Sərəncamla təltif olunmuş Nazirliyin əməkdaşlarına təltiflər təqdim olunub. Təltif edilənlər arasında Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış qazi Süleyman Heydərov da olub.
İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.