Kəlbəcərdə yeni SES-lər istismara veriləcək – Video

Kəlbəcərdə yeni SES-lər istismara veriləcək – Video

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi, işğaldan azad edilən Kəlbəcər rayonunda da “AzərEnerji” tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki, hazırda Kəlbəcər rayonunun ərazisində dörd yerdə su elektrik stansiyalarının tikintisi aparılır.

AzerTimes xəbər verir ki, bu barədə “AzərEnerji” məlumat yayıb.

Məlumata görə, 4,3 meqavat gücündə “Zar”, 8,8 meqavat gücündə “Nadirxanlı”, 8,6 meqavat gücündə “Aşağı Vəng” və 22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.

Qeyd edilib ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən ümumi gücü 32 meqavat olan “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub.

Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. Qeyd edək ki, cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik göstəricilərinin yüksək olması səbəbindən stansiyalar hazırda nominal gücdə işləyir.

Qurum diqqətə çatdırıb ki, kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən “Qlobal Karbon Şurası” təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.

Teqlər: