Kəlbəcər və Laçında yolların işlək saxlanılması üçün bütün tədbirlər görülür – MN

Kəlbəcər və Laçın rayonları çətin relyefli, əsasən, dağlıq və meşə sahələrindən ibarətdir. Bu rayonlarda qış ayları çox sərt keçir və havanın temperaturu gecələr 15-20 dərəcə arasında dəyişir, bəzən bu temperatur 30-a qədər düşür.

AzerTimes-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib.

Onun sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarında infrastrukturun və şəraitin olmamasına baxmayaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində qısa müddət ərzində burada xidmət edən hərbi qulluqçuların sosial məişət şəraiti yaxşılaşdırılıb. Yeni inşa edilən və ya əsaslı təmir olunan yaşayış məntəqələri bu rayonlarda dislokasiya olunan hərbi hissələrin istifadəsinə verilib: “Azərbaycan Ordusunun mühəndis qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə yolların daima işlək vəziyyətdə saxlanılması və bölmələrin fasiləsiz təminatını həyata keçirmək üçün lazım olan bütün tədbirləri həyata keçirirlər. Bu tədbirlərə yolların qar örtüyünün təmizlənməsi işarəedici çubuqların basdırılması da daxildir. Lakin bilirsiniz ki, çovğun və külək nəticəsində bəzən təmizlənmiş yollar qısa müddətdə yenə də qarla örtülür”, – deyə A.Eyvazov deyib.

Qeyd edək ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuz – baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.
Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.
Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Teqlər: