Kəlbəcər və Laçında xidməti-döyüş fəaliyyətləri yoxlanılıb (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində
Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi
qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində aparılan işlər davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir
Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin
Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş
mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların
sosial-məişət şəraiti ilə maraqlanıb. Qeyd olunub ki, döyüş
növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması
üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki
avadanlıqlarla təchiz olunub.
General-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək onların
qayğıları ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Hərbi
qulluqçular dövlət sərhədində xidmət etməkdən qürur duyduqlarını və
burada yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə
minnətdarlıqlarını bildiriblər.

Müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş
qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər
qarşısında konkret tapşırıqlar qoyub.

Sonra nazir Kəlbəcər və Laçın rayonlarında yeni istifadəyə
verilmiş hərbi obyektlərə baxış keçirib. Məruzə olunub ki, müasir
tələblər nəzərə alınmaqla yeni inşa edilmiş hərbi
infrastrukturlarda şəxsi heyət üçün lazımi şərait yaradılıb.
Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir
avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah
otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya
anbarları, hamam-sanitar qovşağı və ərazini fasiləsiz elektrik
enerjisi ilə təmin edən generatorlar mövcuddur.

Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında
texnikaların saxlanma şəraiti, istismarı və göstərilən texniki
xidmətin keyfiyyəti ilə maraqlanıb. Texniki xidmət və təmir
məntəqələrində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə
bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə
döyüş texnikaları və avtomobillərə texniki xidmətin göstərilməsi
üçün hər cür şərait yaradılıb. Bu məntəqələrdə döyüş texnikası və
nəqliyyat vasitələrinə planlı şəkildə mövsümi qulluğun göstərilməsi
nəzərdə tutulub. General-polkovnik Z.Həsənov məntəqələrdə görüləcək
işlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına tam əməl
etməsi, eləcə də digər vacib məsələlərlə bağlı tapşırıqlarını
çatdırıb.

Sonda Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir
neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayan
nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq
tapşırıq və tövsiyələrini verib.

Teqlər: