Kəlbəcər və Laçın yaylaqlarına köç edəcək təsərrüfatçılara mina təhlükəsizliyi öyrədilir (FOTO)

Öz təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürəcək
arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə ANAMA-nın
Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzində təlim
keçirilir.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları
izah olunur, partlamamış hərbi sursat və minalarla rastalaşan zaman
hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir. 10-12
may tarixlərində davam edəcək təlimlərə ümumilikdə 1000 nəfərə
yaxın fermer cəlb olunub.

ANAMA-nın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə
dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və
minaların müəyyən olunması, mina və partlayıcı qurğuların
təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı,
tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş
məlumat verilib. Eləcə də vizual olaraq tanınması üçün təlim
iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən
təlim sursatlarının nümunələri göstərilib.

Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas
davranış qaydalarına dair təlimat kitabçası təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və
informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki,
bu il ümumilikdə Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və
Xocavənd rayonlarının ərazisinə 40 minə yaxın arı ailəsinin
köçürülməsi planlaşdırılır. Artıq Qubadlı rayonu ərazisində 862 arı
ailəsinin köçürülməsi təmin edilib. Kəlbəcər yaylaqlarına ən azı 20
min, Laçın yaylaqlarına isə 15000 arı ailəsinin köçürülməsi nəzərdə
tutulur.

Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə,
təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış
qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə
imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə
biləcəklər.

Teqlər: