Kəlbəcər torpağının hər qayasında, hər daşında xalqımızın tarixi imzası var – Kamaləddin Qafarov

“2020-ci il noyabr ayının 10-da üçtərəfli Bəyanatın imzalanması ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsilə başa çatdı. Ermənistanın hərbi kapitulyasiyasını təsdiqləyən bu Bəyanat uzun illər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başa çatdı. Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması idi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq üçün qrafiki təqdim etməyə məcbur oldu. Bu qrafikə əsasən, 2020-ci il noyabr ayının 25-də Kəlbəcər rayonu işğaldan azad edildi.

Məlum olduğu kimi, Kəlbəcər rayon statusunu 1930-cu il 8 avqust tarixində almışdır. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Ümumi ərazisi 3054 kv. km. olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Başqa sözlə desək, Azərbaycanın bütün digər rayon və bölgələri kimi, Kəlbəcər torpağının da hər qayasında, hər daşında buranın əsli sahiblərinin tarixi imzası mövcuddur.”

Bu sözləri yap.org.az saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, erməni işğalı dövründə Kəlbəcər vəhşicəsinə talan edilib, soyqırımına məruz qalıb: “1993-cü il aprelin12-də Ermənistanın işğalçı ordusu tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Erməni işğalı nəticəsində rayonda onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası özünün 3205 saylı iclasında bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ifadə olunan 822 saylı Qətnamə qəbul etsə də, rəsmi İrəvan həmin Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar da onun icrasını tələb etmədilər.”

Kamaləddin Qafarov qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcərin Azərbaycana təhvil verilməsindən sonra bu rayonda aparılan bərpa-quruculuq işləri bütün digər ərazilərimizdə olduğu kimi Prezident İlham Əliyevin şəxsi nəzarətindədir.

2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına etdikləri tarixi səfər həm siyasi, həm də iqtisadi baxımdan böyük önəm kəsb etdi. Həmin tarixi səfər çərçivəsində Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Daha sonra dövlətimizin başçısı və birinci xanım 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır.

Millət vəkilinin fikrincə, məhz bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilir: ” Dövlət başçımızın Kəlbəcərə etdiyi səfərin həm də böyük siyasi önəmi vardır. Belə ki, hələ də ağılları başlarına gəlməmiş və özlərini Azərbaycana təsir edə bilmək üçün hansısa imkanlara malik durumda zənn edən erməni başbilənləri Prezident İlham Əliyevin həmin tarixi səfərin gedişində verdiyi xəbərdarlıq mesajları barədə yaxşıca düşünməlidirlər. Onlar bilməlidirlər ki, əgər Ermənistanın daxilində gedən proseslər hər hansı bir formada Azərbaycanın maraqları ilə ziddiyyət yaradarsa, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir şəkildə təhdid əlamətləri ortaya çıxarsa, o zaman Azərbaycan buna dərhal adekvat reaksiya verəcəkdir.”

Teqlər: