Xəbər - Humay Ağacanova – Trend:
Ermənistan uzun müddət mina xəritələri oyunu oynadı, xəritələri
vermədi. Beynəlxalq ictimaiyyətin təzyiqi, beynəlxalq məhkəmə
təhlükəsinə görə 1 ildən sonra, ötən ilin dekabrında mina
xəritələri verildi.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda
deyib.
O qeyd edib ki, 2020-ci ilin noyabrından indiyə qədər 37 nəfər
həlak olmaqla, mina partlayışından 200 nəfərdən çox insan zərər
çəkib.
“Digər ağır bir məsələ isə Birinci Qarabağ müharibəsindən
bugünədək itkin düşən 3890 azərbaycanlının taleyinin məlum
olmamasıdır. Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra
Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni
əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi.
Azərbaycanın bu istiqamətdə çoxsaylı müraciətləri və haqlı
olmağımız sübut olundu. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin
etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi
məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə
Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb”, – deyə o əlavə
edib.