Xəbər - Fərid Zöhrabov – Trend:
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kiloqramdan
artıq güclü təsiredən xassəyə malik narkotik vasitə və psioxtrop
maddə aşkarlanaraq götürülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə,
Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Biləsuvar
rayonunun Zəhmətabad kənd sakini, əvvəllər məhkum olunmuş Cavid
Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ona məxsus idman
çantasından ayrı-ayrı bağlamalarda ümumilikdə 11 kiloqram 630 qram
heroin, 720 qram metamfetamin və 3 kiloqramdan artıq tiryək
aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla onun xaricdə
yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən
edilib. Belə ki, C.Əliyev narkotik vasitələri həmin şəxs vasitəsilə
əldə etdiyini və onun deyəcəyi yerlərə çatdırmaqla satışını təşkil
etməli olduğunu etiraf edib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.