Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarılır

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri
Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid
qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron,
Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda,
həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və
Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda
yerləşən mənzillərin satışı qaydası müəyyən edilib.

AzerTimes-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan
vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərman
imzalayıb.

Qaydaya əsasən, mənzillərin satışı Nazirliyin rəsmi internet
saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata
keçirilir.

Satış elanı satışın başlanması tarixinə azı 15 gün qalmış
verilməlidir.

Satış elanında aşağıdakı məlumatlar göstərilməlidir:

– mənzillərin satışının başlanması tarixi, saatı və satışın
həyata keçirildiyi müddət haqqında məlumat;

– mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın
dövlət reyestrindən çıxarış haqqında məlumat.

Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə
onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili
ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin
mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır. Mənzili
seçmiş şəxsin elektron kabinetində mənzilin seçilmə vaxtı, seçilmiş
mənzili digər şəxslərin seçmək imkanının məhdudlaşdırılması, eləcə
də mənzilin seçildiyi vaxtdan etibarən 10 (on) gün müddətində
alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal
məlumat yerləşdirilir.

Mənzil seçimində iştirak edən hər bir şəxsin bir neçə mənzil
seçmək hüququ vardır.

Teqlər: