Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel
tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil
etmək məqsədilə elektron portal hazırlanır.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, hazırlanan portal bir neçə moduldan ibarət olacaq.
Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına
real vaxt rejimində Vahid Giriş Sistemindən – “ASAN Login”
üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı
aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq,
mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda
satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı,
mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının
sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ
şəxslər mənzil satışına dair elanla portal üzərindən
məlumatlandırılacaq.
Qeyd edək ki, satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə
Bakının Ramana, Ümid, Хocəsən qəsəbələrində, Abşeron, Lənkəran və
Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin
Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam
etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən
mənzillərdir.
Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin
satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və
müharibə əlillərinin mənzil və fərdi evlə təminatına
yönəldiləcək.