Keçmiş məcburi köçkünlər tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar – Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın
4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda
Prezidentin xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı
çıxışında bir çox mühüm məsələlər barədə fikir söyləmişdir.

Cənab Prezident bildirib ki, Zəngilan rayonu azad edilmiş digər
rayonlar kimi böyük dağıntılara məruz qalmışdır.
Ermənistanın işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki,
yerlə-yeksan etmişlər. Zəngilanın bütün kəndləri yerlə-yeksan
edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün
dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və
Azərbaycan Ordusu bütünlükdə Cənubi Qafqaz bölgəsini böyük bəladan-
erməni faşizmindən xilas etmişdir.

Qeyd olunmuşdur ki, artıq Zəngilan rayonunda tarixi-dini
abidələrin bərpası işlərinə başlanıb. Heydər Əliyev Fondunun
maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə
təmir olunur, faktiki olaraq yenidən qurulur.

Bildirilmişdir ki, hazırda keçmiş məcburi köçkünlərin azad
edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir.
Zəngilan ilk rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə
oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində
həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük
və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan
azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın hazırladığı planlarını
görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək
inkişaf – əsas amillərdir.Burada da dövlət nə mümkünsə edir, bütün
güclər səfərbər olunub. Keçən il və bu il bu məqsədlər üçün hər il
üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4
milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin
ayrılması nəzərdə tutulmuşdur.

Cənab Prezident Zəngəzur rayonunda həyata keçirilən böyük
infrastruktur layihələrindən bəhs edərkən birinci növbədə onların
arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat
infrastrukturunu qeyd etmişdir. Bildirilmişdir ki, bu il Zəngilan
Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının
çox böyük funksiyaları olacaqdır. Zəngilan gələcəkdə beynəlxalq
nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun
yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu
təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu
sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir
yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini
Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda,
beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan
ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı
rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə
gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm
vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox
əlverişli bir infrastruktur olacaqdır.

Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edən cənab Prezident
qeyd etmişdir ki, bu dənliz əlavə imkanlar yaradacaq. Azərbaycanın
əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi
vasitəsi ilə birləşəcək , tam yeni nəqliyyat dəhlizi açılacaq. Son
vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu
müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək
istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən
Zəngəzur dəhlizi Azərbaycan üçün və qonşu dövlətlər üçün əlavə
imkanlar yaradacaq.

Cənab Prezident öz çıxışında digər bir vacib məsələyə, əhalinin
məşğulluğu məsələsinə toxunararaq qeyd etmişdir ki, Ağalı kəndində
bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin
yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə
qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar
olacaqdır. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas
hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Azad edilmiş
torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq
təhlükəsizliyi ön plandadır. Son illərdə bu istiqamətdə bir çox
işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq
buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas
məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni
zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi
və orada aqrotexniki xidmətin göstərilməsidir.

Ermənistanın işğal dövründə işğal altında olan torpaqlarımızın
ekologiyasına vurduğu vurduğu böyük zərərdən bəhs edilərkən qeyd
olunmuşdur ki, əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə
məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı
rayonlarında meşələrin kütləvi surətdə qırılması həyata
keçirilmişdir. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi
Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğunda. Qoruğun böyük
hissəsi məhv edilib. Bəsitçay təbiət qoruğunun bərpasına artıq
başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və
digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar
etmişdir.Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır.
Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları
Oxçuçaya təmizlənmədən ötürülürdü.

Bildirilmişdir ki, rəsmi İrəvan törətdiyi bütün bu cinayətlərə
görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyan hesablanır, bütün
şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir, sübutlar
toplanır. Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək
əzmindədir, bunun üçün hazırlıq işləri aparılır.

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi
nümayəndələrinin təyin edilməsi cənab Ptrezident İlham Əliyevin
Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işlərinə, bu
ərazilərin sürətlə inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət
və qayğının bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərdə
aparılan geniş miqyaslı tikinti quruculuq və bərpa işləri göstərir
ki, keçmiş məcburi köçkünlər tezliklə öz ata-baba yurdlarına
qayıdacaqlar. O gün çox uzaqda deyil.

Rauf Əliyev

Milli Məclisin deputatı

Teqlər: