Keçmiş başçının məhkəməsində şahidlər dindirildi

Keçmiş başçının məhkəməsində şahidlər dindirildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

AzerTimes-ın verdiyi məlumata görə, Natiq Əliyevin sədriliyi ilə keçirilən məhkəmə prosesində bu dəfə şahidlər danışıb.

Belə ki, 2019-cu ildə əhalinin siyahıyaalınmasında iştirak edən şəxslərə dövlət tərəfindən ayrılan vəsaitlərin mənimsənilməsi epizodu üzrə şahidlər dindirilib. Söhbət siyahıyaalma prosesində sayıcı və təlimatçı kimi iştirak 100-dən artıq şəxsə ayrılan 40 min manata yaxın vəsaitin Alimpaşa Məmmədovun ətrafı vasitəsi ilə mənimsənilməsindən gedir. Prosesdə təxminən 10-dan çox şahid dindirilib. Həmin şəxslər Şəmkir rayonunun müxtəlif kənd və qəsəbələrinin icra nümayəndələri, müavinləri, mühasiblər, eləcə də sihayıhaalmada iştirak edən təlimatçı və sayıcılar olub.

Hakim Natiq Əliyev şahidlərə ibtidai istintaqa verdiyi ifadələr ətrafında suallar verib. Bəlli olub ki, siyahıyaalma prosesində iştirak edən sayıcılar 200-280, təlimatçılar isə 300 manatadək vəsaitləri kart hesablarından çıxararaq yerli icra nümayəndələri və onların müavinlərinə veriblər. Yerli icra nümayəndələri isə öz növbələrində həmin vəsaitləri Alimpaşa Məmmədovun keçmiş müavini Qüdrət Əliyev və hazırda Şəmkir rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışan Pərvin Gözəlova çatdırıblar. Sonradan isə pullar Alimpaşa Məmmədova verilib.

Amma sabiq icra başçısı şahidlərin verdiyi bəzi ifadələrlə razılaşmayıb. Alimpaşa Məmmədov keçmiş birinci müavini Qüdrət Əliyev və Statistika İdarəsinin rəisi Pərvin Gözəlov tərəfindən yığılan vəsaitlərin bir çoxundan xəbərsiz olduğunu bildirib. Bu zaman hakimlər sabiq icra başıçısından bir nəfərdən deyil, 100-dən çox şəxsdən yığılan vəsaitdən necə xəbərsiz ola biləcəyini soruşub.

Məhkəmə prosesi təxminən 2-saata yaxın davam edib.

Prosesdən sonra bəzi şahidlər müsahibə verməkdən imtina edib, bəziləri isə pulun çatdırılmasında israrla iştirak etmədiyini deyib.

Məlumat üçün bildirək ki, növbəti məhkənmə prosesi yanvarın 24-ü keçiriləcək.

Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: