Keçmiş arvadını küçədə öldürən şəxsin məhkəməsi başladı

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başlayıb.

AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Ramil Rəhmanov ifadə verib.

Dindirmələr zamanı məlum olub ki, Ramil Rəhmanovla Svetlana Məmmədovanın evliliyi hər ikisinin ikinci nikahı olub. Amma onlar qısa müddət sonra boşanıblar.

Ramil Rəhmanov məhkəmədə ifadəsində iddia edib ki, keçmiş həyat yoldaşını xəyanətə görə qətlə yetirib: “Bundan əvvəl də 3-4 dəfə elə hərəkətləri olmuşdu. Amma mən bağışlamışdım. Daha doğrusu, and içmişdi ki, elə deyil, mən də inanıb, onun üçün keçmişdim”.

Ramil Rəhmanov hadisəni törədəndən sonra özü könüllü şəkildə polisə məlumat verərək, təslim olub.

Xatırladaq ki, R.Rəhmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

İttihama görə, həyat yoldaşının xəyanət etdiyini düşünən R.Rəhmanov boşanıb. Bir müddətdən sonra o keçmiş həyat yoldaşı Svetlana Məmmədovanın küçədə başqa avtomobilə əyləşdiyini görüb. Həmin gün o S.Məmmədovanı küçədə tutaraq boş sahəyə aparıb və orada onun boğazını kəsərək qətlə yetirib.

Teqlər: