Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada Bülbülün ev-muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bayramdır.
AzerTimes-ın məlumatına görə, bu sözləri sentyabrın 18-də jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib.
Şuşaya səfər zamanı Bülbülün ev-muzeyinə də baş çəkən P.Bülbüloğlu deyib: “Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı. Evin iki divarı da çökmüşdü. Tale elə gətirdi ki, mən bura 2007-ci və 2019-cu illərdə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə tamam ayrı hisslər keçirirdik. Öz ata evini dağılmış halda görmək çox çətin bir sınaq idi… Allaha şükür ki, bu günü də gördük. Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün bu il avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.