“KDQ və qeyri-səlis məntiq” kitabının imza günü oldu

“KDQ və qeyri-səlis məntiq” kitabının imza günü oldu

“Libraff” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının imza günü keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə yazıçılar, ictimai şəxslər, oxucular iştirak edib.

Kitabın müəllifləri xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev nəşrin yazılma səbəblərindən, “Kitabi-Dədə Qorqud”da əcdadlarımızın təfəkküründə gizlənmiş dərin qatlardan, mistika, sehr, fəlsəfi düşüncənin zənginliyindən danışıblar.

Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb:

“Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir.

Məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur”.

Tədbirdə çıxış edənlər bildiriblər ki, kitab həm qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri üçün faydalı və maraqlı olacaq. Çünki qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir tətbiq edilir.

Qeyd olunub ki, dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyil, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur.

Tədbirin sonunda müəlliflər kitabı oxucular üçün imzalayıblar.

Teqlər: