“Kazinform” “Türk dünyası” (turkic.world) media platformasına qoşulub (FOTO)

Qazaxıstanın “Kazinform” Səhmdar Cəmiyyəti Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group” şirkətinin təşəbbüsü ilə yaradılmış və türkdilli dövlətlərin xəbərlərini birləşdirən “Türk dünyası” (www.turkic.world) layihəsinə qoşulub.

AzerTimes-ın məlumatına görə, bu barədə razılıq Trend BİA-nın rəhbəri İlqar Hüseynovun Qazaxıstanın informasiya nazirinin müavini Kemelbek Oyşıbayev və “Kazinform” SC-nin İdarə heyətinin sədri Eldos Naşirali ilə görüşü zamanı əldə olunub.

Bundan sonra “turkic.world” platformasında xəbərlər Azərbaycan, türk, qırğız, rus, ingilis, türkmən dilləri ilə yanaşı qazax dilində də dərc olunacaq.

“Kazinform” SC Qazaxıstan Respublikasının beynəlxalq status almış ilk aparıcı dövlət informasiya agentliyidir. “Kazinform” 100 ildən çoxdur ki, siyasət, iqtisadiyyat, təhsil, səhiyyə, idman, mədəniyyət və cəmiyyətin digər sahələri barədə düzgün və operativ informasiya çatdırır.

Qeyd edək ki, bu il mayın 24-də Bakıda “Türk dünyası” (www.turkic.world) unikal rəqəmsal media layihəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində türkdilli dövlətlərin səfirləri, diplomatlar, millət vəkilləri, media qurumlarının rəhbərləri iştirak ediblər. Layihənin unikal proqram təminatı türkdilli dövlətlərin aparıcı KİV-lərinin yaradılmış media platformasına qoşulmasına imkan yaradacaq.

Teqlər: