Tatarıstan Respublikasının Gənclərlə İş üzrə Nazirliyi, RF Gənclərlə İş üzrə Federal Agentlik, Tatarıstan Gənclər Mərkəzi “Sələt” (Sələt), Rusiya-İƏT Gənclərlə Beynəlxalq Əməkdaşlıq üzrə Layihə Ofisi, Gənclər Diplomatiyası Akademiyası, Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, MDB ölkələri, Diaspor və Beynəlxalq Humanitar Təşkilatlarla İş üzrə Federal Agentliyin təşkilatçılığı, o cümlədən, İslam Əməkdaşlıq Gənclər (İƏT) Forumu, Forumun Avrasiya Regional Mərkəzi və bir sıra başqa qurumların tərəfdaşlığı ilə 5 gün ərzində həyata keçirilən “Müasir Müsəlman Mədəniyyəti Beynəlxalq Gənclər Festivalı” öz işini uğurla başa çatdırıb.
Azərbaycandan 10-a yaxın nümayəndənin iştirak etdiyi bu tədbirdə müsəlman ölkələrindən olan gənclər musiqi, teatr, folklor, xoreoqrafiya, vizual sənət və mədəniyyətin başqa sahələri üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin bağlanış mərasimində çıxış edən İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktor vəzifəsini icra edən Vüsal Qurbanov bu tədbirin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı həmtəşkialtçılara, xüsusilə, Tatarıstan Respublikasının Gənclərlə İş üzrə Naziri Timur Süleymanova və Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Roza Axmadiyevaya xüsusi təşəkkürünü bildirib, eyni zamanda bu cür tədbirlərin gələcəkdə İƏT-ə üzv ölkələrdə keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
Məlum olduğu kimi, sözügedən festival çərçivəsində İƏT Gənclər Forumu ARM-nin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı tədbir də baş tutub.