Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

WhatsApp ani mesajlaşma və səsli rabitə xidməti daim yeni
funksiyalar əlavə edir. Sistematik olaraq yenilənən və populyar
olan messencer təkcə qanunsevər istifadəçilər üçün deyil, həm də
xidmətdən müxtəlif növ saxtakarlıq sxemlərini həyata keçirmək üçün
istifadə edən təcavüzkarlar üçün daha cəlbedici ünsiyyət vasitəsinə
çevrilir.

Kaspersky mütəxəssislərinin bildirdiyinə görə, messencerin
populyarlığının artması fırıldaq sxemlərinin sayının artması ilə
birbaşa bağlıdır. Təcavüzkarlar qurbanla əlaqəni rəsmi saytlardan,
məsələn, şəxsi satış elanlarının yerləşdirilməsi və ya birgə
səfərlərin təşkili xidmətlərindən şəxsi söhbətlərə köçürmək üçün
çox vaxt WhatsApp-dan istifadə edirlər. Bu hallarda istifadə edilən
sxemlər kifayət qədər standartdır: onlar fişinq keçidi göndərə,
SMS-lə gələn birdəfəlik şifrəni əldə etməyə cəhd edə və ya
istifadəçiləri başqa hərəkətləri yerinə yetirməyə inandıra
bilərlər.

Aşağıda digər sxemlər də qeyd olunub.

Məsələn, fırıldaqçılar messencerdən kommersiya şirkətləri ilə
onların müştəriləri arasında əlaqə vasitəsi kimi istifadə edə
bilərlər. Belə ki, təcavüzkarlar Covid-19 pandemiyasından istifadə
edərək, özlərini müştərilərin çatdırılma xidmətlərində tez-tez
problemlərlə üzləşdiyi onlayn mağazaların nümayəndələri kimi təqdim
ediblər. Onlar gömrük xərclərini ödəməyi və ya bağlamanın
çatdırılması üçün əlavə ödəniş etməyi tələb edərək müxtəlif
dillərdə sorğular göndəriblər. Eyni zamanda, mesaja əlavə edilmiş
linklərə klikləmək və ya göndərilən faylları açmaq zərərli
proqramların cihaza yüklənməsinə və ya fişinq saytlarına keçidə yol
aça, nəticədə bank kartı məlumatlarının və digər şəxsi məlumatların
oğurlanmasına səbəb ola bilər.

Təcavüzkarlar həmçinin WhatsApp-da çatdırılma ünvanlarının
tapılmadığı iddia edilən bağlamaların “uduşa qoyulduğu” saytların
yaradılması ilə bağlı saxtakarlıq sxemindən istifadə edə bilərlər.
Bu cür saytlar məzmunu məlum olmayan “uduşlara” mərc qoymağı təklif
edə bilər. Ancaq kampaniyanın sonunda qalib həm pulunu itirir, həm
də əliboş qalır.

“İstifadəçilərə ayıq-sayıq olmağı, rəsmi mənbələri yoxlamağı
tövsiyə edirik və unutmayın ki, əgər bir şey həqiqət ola bilməyəcək
qədər yaxşı görünürsə, bu, çox güman ki, saxtakarlıqdır. Bütün
cihazlara, o cümlədən, mobil cihazlara aktual fişinq və spam
resurslarınına malik təhlükəsizlik həlli quraşdırmaqda fayda var”,
– deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq
Məmmədov bildirib.

Fırıldaqçıların tələsinə düşməmək üçün bir neçə əsas qaydaya
əməl etmək lazımdır:

  • hətta şəxsən tanıdığınız şəxslərdən də şübhəli mesajlar alarkən
    diqqətli olun;
  • linklərə keçid etməzdən əvvəl yazı xətalarını və ya digər
    şübhəli uyğunsuzluqları yoxlayın: əgər link şübhə doğurursa, saytın
    ünvanını axtarış sisteminə daxil etmək və hər simvolu müqayisə
    etmək lazımdır;
  • şübhəli linkləri yaymayın, çünki fişerlər insanların dostları
    tərəfindən göndərilənlərə daha çox güvəndiklərini anlayaraq,
    istifadəçilərdən tez-tez öz kontakt siyahısı ilə zərərli link
    paylaşmağı xahiş edirlər;
  • asan qazanc təkliflərindən, uduşlar haqqında bildirişlərdən,
    nəyisə pulsuz təqdim edən vədlərdən ehtiyatlı olun;
  • əksər dələduzluq resurslarını avtomatik bloklayan etibarlı
    təhlükəsizlik həlli quraşdırın.
Teqlər: