Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyası olan
Kaspersky Endpoint Security Cloud Pro-nu təqdim edib. Əsas müdafiə
və idarəetmə funksiyalarına əlavə olaraq, məhsul insidentlərə
avtomatik cavab vermək, proqram idarəçiliyi və məlumatların uzaqdan
təmizlənməsi imkanlarına malikdir. Məhsulun tərkibinə həmçinin İT
mütəxəssisləri üçün kibertəhlükəsizlik üzrə təlimlər də daxil
edilib.

Kaspersky-nin məlumatına görə* İT infrastrukturunun artan
mürəkkəbliyi və informasiya sistemlərinin təhlükəsizliyi üzrə
mütəxəssislərin ixtisas bilik və bacarıqlarının
təkmilləşdirilməsinin vacibliyi kiçik və orta biznesi
kibertəhlükəsizliyə investisiyaları artırmağa həvəsləndirən iki
əsas amildir.

Təkmilləşdirilmiş hücumların aşkarlanması və aradan
qaldırılmasına yüksək tələbat, biznesin hücum zənciri haqqında
təsəvvür yaratmağa imkan verən “İlkin səbəb” funksiyasına marağı
ilə öz təsdiqini tapır. Kaspersky Endpoint Security Cloud Plus
versiyasında mövcud olan bu funksiya məhsul istifadəçilərinin
təxminən 80%-i tərəfindən aktivləşdirilib. Kaspersky Endpoint
Security Cloud Pro versiyasına İT administratorlarına təkcə hücumun
inkişaf yolunu vizuallaşdırmağa deyil, həm də ona bir neçə düymə
toxunuşunda cavab verməyə imkan verən əsas EDR funksionallığı daxil
edilib. Burada bir neçə variant təklif olunur: şübhəli faylları
karantinə göndərmək; şəbəkə üzərindən sonrakı yayımı dayandırmaq
üçün hostları təcrid etmək; sistem boşluğu göstəricilərini
axtarmaq. Əgər hücum bir kompyuterdə aşkar edilər və
dayandırılarsa, administrator digər cihazlarda da sistem boşluğu
göstəricilərini tapa bilər.

Təkmilləşdirilmiş həllə həmçinin İT mütəxəssislərinin əsas
kibertəhlükəsizlik proseslərini idarə etmək üçün lazım olan
bacarıqları əldə etməyinə kömək edə biləcək daxili onlayn təlim də
əlavə edilib. Təlim nəzəri və praktiki hissələrdən, məşqlərdən,
təqlidi mühitdə interaktiv tapşırıqlardan ibarətdir. Tədris
modulları administratorun bulud əsaslı veb konsolunda açılır.

Kaspersky Endpoint Security Cloud Pro, Plus versiyası kimi veb
resurslar və xarici cihazlar üzərində nəzarəti təmin edir. Bundan
əlavə, həllə proqram idarəetmə funksionallığı, eləcə də adaptiv
anomaliya nəzarəti əlavə edilib. Bu komponent korporativ şəbəkədəki
kompüterlərə xas oolmayan əməliyyatları izləyir və bloklayır.
Həmçinin, yeni məhsul cihaz itirildikdə və ya oğurlandıqda
məlumatları uzaqdan silməyə imkan verir və BadUSB komponenti
sayəsində klaviaturanı təqlid edən yoluxmuş USB qurğularının
kompüterə qoşulmasına imkan vermir.

“Kibertəhlükəsizlik rəqəmsal transformasiya həyata keçirən və
yeni trendlərə tez uyğunlaşmaqda maraqlı olan amma paralel olaraq
öz proses və xidmətlərini qorumağa can atan şirkətlər üçün əsas
prioritetlərdən biridir. Kaspersky Endpoint Security Cloud Pro
həlli sadə və başa düşülən formatda qabaqcıl mühafizə
texnologiyaları təklif edir”, – deyə Kaspersky-nin Azərbaycandakı
nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Kaspersky Endpoint Security Cloud haqqında daha ətraflı məlumatı
buradan
əldə edə bilərsiniz.

* “Biznesin informasiya təhlükəsizliyi sorğusu”
2021-ci ilin may-iyun aylarında Kaspersky tərəfindən aparılıb.
Sorğuda 31 ölkədən 50-dən çox əməkdaşı olan şirkətlərin 4303
mütəxəssisi iştirak edib.