Kaspersky-nin sorğusuna* görə, kiberbullinqlə** üzləşən respondentlərin üçdə birindən çoxu (38%) şəxsi mesaj qutusunda təhqiredici mesajlar alıb, 24% özü haqqında xoşagəlməz paylaşımlar görüb, təxminən üçdə biri isə (31%) öz fotolarının altında xoş olmayan şərhlər oxuyub. Bu kimi hərəkətlər daha çox yad adamlar tərəfindən edilir (39%), amma kiberbullinq hallarının təxminən üçdə birində (31%) insanlar tanıdığı şəxslər tərəfindən aqressiya və təqibə məruz qalıblar.
Bu tip halların 38%-də istifadəçilər təhqiredici mesajları sadəcə görməzdən gəlirlər. Təxminən yarısında (47%) onlar təcavüzkarı bloka salır, məsələn, onları qara siyahıya əlavə edirlər. Hər üçüncü şəxs xoşagəlməz mesajları silir və eyni sayda adam zorakılıq haqqında sosial şəbəkə administratorlarına xəbər verir.
“İnternetdə zorakılığa cavab vermək nə böyüklər, nə də uşaqlar üçün ən yaxşı həll yolu deyil. Bunu bizim sorğumuzun məlumatları da təsdiqləyir: təcavüzkarla dialoqa girənlərin 28%-i bullinqin davam etdiyini bildirib, 26% isə vəziyyətin daha da pisləşdiyini qeyd edib. Əgər kiberbullinq ilə qarşılaşsanız, ona cavab verməməyə çalışın, çünki laqeydlik zorakılığı azaltmağın ən yaxşı üsuludur. Təcavüzkarları sosial şəbəkədə və ya çatda qara siyahıya əlavə edin. Əgər zorakılığı görməzdən gəlmək çətindirsə, məsələn, səbəbkar fikirləri həqiqətən önəmli olan tanış adamdırsa, onda yaxınlar və dostlar arasında dəstək axtarmaq lazımdır. Problemi ört-basdır etməyin, lazım gələrsə mütəxəssis köməyinə müraciət edin. Əgər söhbət sağlamlıq və həyata qarşı təhlükədən gedirsə, sosial şəbəkə administratorları və hüquq-mühafizə orqanlarına müraciət edin,” deyə Kaspersky-nin Rusiya araşdırma mərkəzinin direktoru Mariya Namestnikova qeyd edib.
* Sorğu Kasperky-nin sifarişi əsasında Opinium şirkəti tərəfindən 2021-ci ildə 25 ölkədə 15 mindən çox insan arasında keçirilib.
** Кiberbullinq — internetdə zorakılıq