Kaspersky: dünya üzrə müəssisələrin üçdə birindən çoxunda ESG standartları və müvafiq mütəxəssislər yoxdur

Kaspersky-nin keçirdiyi sorğunun* nəticələrinə görə dünya üzrə
sənaye müəssisələrinin üçdə birindən çoxunun (38%) ətraf mühitin
mühafizəsi, sağlamlıq və təhlükəsizlik məsələləri üzrə məsul
mütəxəssis çatışmır. Təşkilatların 36%-də həmçinin xüsusi ESG
siyasətləri və standartları yoxdur**. Onlar müxtəlif səbəblərdən, o
cümlədən, kiberhücumlar nəticəsində işçilərin sağlamlığı və təbii
ehtiyatların tükənməsi ilə bağlı ortaya çıxan riskləri azaltmaq
üçün lazımdır. Belə ki, hər onuncu müəssisə işçilərin xəsarət
alması və ya ölümü ilə nəticələnən (13%), ətraf mühitə ziyan vuran
(13%) və ya milli təhlükəsizliyə təsir göstərən (13%)
kiberinsidentlərlə üzləşir.

Bu riskləri idarə etmək üçün sənaye müəssisələrinin 61%-i
kibermüdafiə tədbirlərini işin gedişatında yaranmış nasazlıqların
işçilərə və ya ətraf mühitə zərər verə biləcəyi infrastruktur
hissələrinə tətbiq etmir. Sorğuda iştirak edən təşkilatların
təxminən üçdə ikisi (59%) artıq ətraf mühit aspektlərini risklərin
qiymətləndirilməsi proqramlarına daxil edib və şirkətlərin 56%-nin
isə kibertəhlükəsizlik sahəsində bütün ixtisaslaşmış layihələri
təsdiqləyən ESG direktoru var. ESG prinsiplərinin sənaye
müəssisələri üçün əsas prioritetlər sırasına daxil edilməsi
vacibdir. 2015-ci ildə BMT Baş Assambleyası 17 Dayanıqlı İnkişaf
Məqsədi (DİM) müəyyən edib ki, bunlardan biri sənaye,
innovasiya və infrastruktura aiddir.

“Kibertəhdidlərdən müdafiə təkcə biznesin davamlılığı üçün
deyil, həm də ətraf mühitin və insan sağlamlığının qorunması üçün
vacibdir. Kiberhücumların işçilərə, ekosistemə və cəmiyyətə təsir
riskini minimuma endirmək üçün ESG proqramlarına informasiya
təhlükəsizliyi aspektləri daxil edilməlidir. Etibarlı müdafiə
vasitələri və ixtisaslaşdırılmış həllər sənaye mühitinin ən vacib
hissələrini əhatə etməlidir, İT və sənaye təhlükəsizliyi şöbələri
isə istənilən mümkün hücumların nəticələrini yumşaltmaq üçün
tədbirlər hazırlamalıdır”, – deyə Kaspersky-nin Azərbaycandakı
nümayəndəsi Müşviq Məmmədov bildirib.

* Sorğu 2022-ci ilin yanvar-fevral aylarında 17 ölkənin
sənaye müəssisələrinin operatorlarında təhlükəsizlik məsələləri ilə
bağlı qərar qəbul edən şəxslər arasında keçirilib.

** ESG — ekoloji, sosial və korporativ
idarəetmə
(ing. Environmental, Social,
and Corporate Governance).