Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

IFI Claims Direct Kaspersky-ni 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edib. Analitik hesabata görə, bu dövr ərzində İT həlləri satıcıları tərəfindən ABŞ-da 43 patent qeydiyyatdan keçirilib. Öz fəaliyyət dövrü ərzində Kaspersky ABŞ-da 412, Rusiya, AB, Çin və Yaponiya da daxil olmaqla, bütün dünyada isə 1200 patent əldə edib.

Kaspersky kiber təhlükəsizlik sahəsində daim yeni texnologiyalar hazırlayır və patentləşdirir. Bu innovasiyalar həm fərdi istifadəçilər, həm də iri korporasiyalar və dövlət müəssisələri üçün proqressiv və hərtərəfli həllər və xidmətlər portfeli hazırlamağa imkan verir. Şirkət şəbəkə və kompyuter təhlükəsizliyi, maşın öyrənməsi, informasiya təhlükəsizliyi, həmçinin avtomobil texnologiyaları və təhlükəsizliyi kimi öz həlləri ilə əlaqədar sahələrdə patent üçün müntəzəm olaraq müraciətlər edir.

Ötən il ABŞ-da verilən patentlərin sayında 7% azalma müşahidə olunub. Patent sayında artım qeydə alınan yeganə sahə Kaspersky-nin fəaliyyətinin əsas istiqaməti olan maşın öyrənməsi də daxil olmaqla, alqoritmlərə əsaslanan kompyuter sistemləri sahəsi olub. IFI Claims Direct-in hesabatına görə, ötən iki il ərzində Kaspersky tərəfindən patentləşdirilən əsas texnologiya sahələrinə şəbəkə memarlığı, məlumatların təhlükəsiz ötürülməsi protokolları və alqoritmlərə əsaslanan kompyuter sistemləri daxil olub.

“İnnovativ texnologiyaların yaradılması Kaspersky üçün hər zaman əsas prioritetlərdən biri olub. Şirkətin fəaliyyətinin IFI Claims hesabatında qeyd edilməsinə görə çox şadıq, bizim mütəxəssis komandamız bu uğura layiqdir. ABŞ bazarında patent liderliyi texnoloji yaradıcılığa bağlılığımız və öz texnoloji imkanlarımızı bütün dünya istifadəçiləri üçün əlçatan etmək niyyətimizi sübut edir”, – deyə Kaspersky-nin intellektual mülkiyyətin strateji inkişafı şöbəsinin rəhbəri Anton Tixomirov bildirib.

Kaspersky-nin texnologiyaları haqqında daha ətraflı buradan öyrənə bilərsiniz.

* IFI Claims Direct – tətbiq istehsalçıları, məlumatlar haqqında elm sahəsində çalışan mütəxəssislər və məhsul üzrə menecerlər üçün qlobal patent məlumat bazası və veb xidmətidir. IFI şirkəti dünya üzrə qeydə alınmış 145 milyon patent ilə intellektual mülkiyyət sahəsində məlumatların təhlili sahəsində aparıcı şirkətdir.

Teqlər: