Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə
birgə ölkədə fitosanitar vəziyyətin araşdırılması, bitki və
bitkiçilik məhsullarında zərərli orqanizmlərin vaxtında
aşkarlanaraq yayılmasının qarşısının alınması, ətraf mühitin
qorunması məqsədilə əkin sahələrində (tarlalar, plantasiyalar,
tingliklər, bağlar və istixanalarda və s.) ayrı-ayrı bitkiçilik
məhsullarında monitorinqlər aparır.
Trend xəbər verir ki, ölkə üzrə aparılan
monitorinqlərdən biri də bitkiçilik məhsulları sahəsində yüksək
məhsuldarlıq və ixrac potensialına malik kartofçuluq təsərrüfatında
keçirilib. Monitorinqin məqsədi kartofun qonur çürüməsi və
xərçəngi, kartof yumrularında halqavari bakterial çürümə, qızılı
kartof nematodu, kartof gövdə nematodu kimi kartof bitkisinin
təhlükəli zərərli orqanizmlərinin ölkə ərazisində mövcudluğunu
müəyyən etmək və aşkarlandığı təqdirdə, yayılmasının qarşısını
almaq üçün müvafiq qabaqlayıcı tədbirlərin həyata
keçirilməsidir.
Ümumilikdə, indiyə qədər 325 kartofçuluq təsərrüfatında
monitorinq aparılıb və 398 nümunə götürülərək Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə
cəlb olunub. Müayinələr nəticəsində 25 təsərrüfatda uyğunsuzluq
aşkar olunub. Hazırda kartofçuluq təsərrüfatlarında monitorinqlərin
aparılması prosesi davam edir.