Xəbər - Samir Əli – Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hədə-qorxuları nəticəsində ona iPhone markalı telefonu verdiyini iddia edən şahid Ziya Məmmədovun məcburi gətirilməsi barədə qərar qəbul edilsə də o, prosesə qatılmayıb.
Məhkəməyə məlumat daxil olub ki, şahid, iş materiallarında göstərilən ünvanda yaşamır.
A.Abdullayevin vəkili isə məhkəməyə etiraz edərək şahidin dindirilməsini vacib sayıb.
“Bu işdə yeganə adamdır ki, təqsirləndirilən şəxsə nə isə verdiyini deyir. Onun ifadə verməsi bizim üçün vacibdir. Xahiş edirik, məcburi gətirilmə qərarı icra olunsun”, – deyə vəkil bildirib.
Ata Abdullayev özü də Ziya Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib.
Məhkəmə məsələ ilə bağlı qərar verib ki, şahidin tapılaraq məhkəməyə gətirilməsi istiqamətində daha bir addım atılsın.
Daha sonra prosesdə sərbəst ifadə verən Ata Abdullayev deyib ki, bu işdə zərərçəkmiş şəxslərin heç birindən pul tələb etməyib:
“Mənim iki min videom var ki, bunların təxminən 500-ə qədəri sosial problemlərlə bağlıdır.
Mənim telefonum isə daima açıq olurdu. Mənə şikayətlər gəlirdi. Əvvəlcə zərərçəkmiş kimi tanınan Elmar müəllim barədə danışmaq istəyirəm.
Elmar müəllim bildirib ki, mən guya ondan 2019-cu ildə pul istəmişəm. Bu, yalandır. Mən həmin vaxt ailəmlə Misirdə istirahətdə olmuşam. Mənə Tural adlı şəxs müraciət edərək, dedi ki, şəriki Elmar onu döyüb. Bununla bağlı video da göstərdi. Mənə şikayət etdi ki, bu işə obyektiv baxılmır. Jurnalistin əsas prinsipi qarşı tərəfin mövqeyini öyrənməkdir. Buna görə də mən Elmara zəng etdim.
Ondan həm Turalı döyməsi, həm Atletlər kəndindəki avadanlıqların satılması barədə soruşdum. Elmar həmin vaxt məni təhqir etdi. Bir qədər sonra vəkil Adil İsmayılovdan zəng gəldi. Mənə dedi ki, məni tanıyırsan sən? get ağlını başına yığ. Sonra yenidən Elmar mənə zəng etdi. Turala kömək məqsədi ilə Xətai rayon Polis İdarəsi ilə əlaqə saxladım.
5-10 gün sonra dostum Ziya zəng etdi ki, görüşmək istəyir. Onunla AF Malll-ın qarşısında görüşdük. Mənə dedi ki, Elmar dostumdur, onu bağışla. Mən də dedim ki, o adamı döyüb, mənim də ölümü-dirimi söyüb. Ziya yenə də xahiş etdi ki, onu bağışlayım. Sonra telefonumun ekranının sınıq olduğunu gördü. Mənə dedi ki, sənə telefon alacam. İki-üç gün sonra zəng etdi ki, gəl sənə telefon verim. Mənim vaxtım olmadığı üçün qonşunu göndərdim. Həmin telefon da bir neçə gün evdə qaldıqdan sonra satıb İphone 12 aldım.”
Bundan sonra A.Abdullayev Masazır icra nümayəndəsindən pul tələb etməsi epizodu ilə bağlı danışıb.
“Mən deputatlığa namizəd olduğum dövrdə də müxtəlif yerlərdəki sosial problemlərlə bağlı maraqlanırdım. Tək Masazırda yox, Abşeronun çox yerlərində çəkilişim olub. Masazırda tullantıların daşınması ilə bağlı vəziyyət çox acınacaqlı idi. Zibil qutuları da yox idi. Olanların da təkərləri yox idi ki, normal qaydada daşınsın.
Natəmizlik hökm sürürdü. Hətta çox yüksək rütbəli şəxslərə də həmin yerin ünvanını atmışam. Düzü sonra oranı təmizlədilər, bundan sonra gedib onu da çəkdim. Onda Şahlar Həsənov mənə nömrəsini də verdi. Mənim maşınımda 360 dərəcəli kamera var. O, kameralarda çəkdiklərimi kartlarda saxlayırdım. Əgər o, kartları gətirib burda baxsanız görərsiniz ki, o mənimlə nələr danışıb. Mənə bacıoğlu deyirdi. Mənə zəng edib deyirdi ki, “bacıoğlu sənin bizim başçı ilə nə işin var?” ona dedim ki, başçı dövlət tərəfindən təyin olunmuş şəxsdir, mənim onunla nə işim var. Sonra 15 gün ərzində zibil qutuları yeniləndi. Hər bir insan kimi mənim də səhvim var. Buna görə də üzr istəyirəm”, – deyə A. Abdullayev bildirib.
Ata Abdullayev ifadəsində digər iki zərərçəkmişdən də pul almadığını deyib.
O bildirib ki, əgər pul tələb etsəydi dərhal zəng edib şikayət edərdilər:
“Mənzil-istismar sahəsi haqqımda mənfi xasiyyətnamə verib ki, guya mənim qonşularım məndən şikayətçidir. Xahiş edirəm mənim 65 nəfər qonşumu çağırıb məhkəmədə dindirin. Bütün qonşularım da vəzifəli şəxslərdir. Əgər onlar məndən şikayətçi olsalar, mən heç nə deməyəcəm.”
Proses dekabrın 14-də davam edəcək.
Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.