Kardaşyanın arxası və Bəxtiyarın başı…

Kardaşyanın arxası və Bəxtiyarın başı…

İctimai fəal Bəxtiyar Hacıyevin sosial səhifə hesabında paylaşılan şəxsi yazışmaları və səs yazısı ciddi hadisədirmi? Bu, Bəxtiyar Hacıyevin simasızlığıdırmı? Səs yazısı Bəxtiyar Hacıyevin ifşadırmı?

Toplum baş verənlərə niyə bu qədər qeyri-adekvat reaksiya verir ki?

Əvvəla, Bəxtiyar Hacıyevin ifşasını ssenariləşdirənlər qətiyyən doğru yol seçməyiblər. Əgər onlar elə düşünürlərsə ki, bununla Bəxtiyar Hacıyevin hakimiyyətlə işləməyə can atdığını və yaxud hakimiyyətlə işlədiyi görüntüsünü yaratmaqla onu hörmətdən salırlar, yanlış düşünürlər. Belə çıxır ki, o səs yazısını və şəxsi yazışmaları yayanlar hakimiyyətlə işləməyə can atan bu cür müstəqil insanların “satqın” olduğunu sübut etmək istəyir.

Dünyanın istənilən yerində müəyyən məbləğ qarşılığında lobbi fəaliyyəti göstərən, piar xidmətini təklif edən intellektlər var – Bəxtiyar da onlardan biridir.

Bəxtiyar Hacıyev kifayət qədər savadlı, ağıllı, auditoriya ilə işləməyi, piar aparmağı bacaran şəxsdir. O, hələ bir neçə il öncə Nikol Paşinyana verdiyi sual və maneraları ilə intellektini bir daha sübut etmişdi.

Düzdür, hakimiyyətdən kimlərsə Bəxtiyar Hacıyev presedentini Ata Abdullayevin simasında rüsvayçı şəkildə təkrarlamağa cəhd etməklə təbliğatı yerləbir etmişdi – ancaq bunun günahı Bəxtiyar Hacıyevdə deyildi.

İkincisi, Bəxtiyar Hacıyev müxalifətdə yer almayıb, tənqidçidir, ancaq hakimiyyətə iddialı deyil – nə partiyası var, nə də hansısa partiyada təmsil olunur.

Siyasi-ictimai prosesləri normal təhlil etmək qabiliyyətinə malikdir, yaxşı bilir ki, hazırda İlham Əliyevin alternativi yoxdur və yaxın 10-15 ildə də olmayacaq. Hətta İlham Əliyev hakimiyyətdən getdiyini bu gün elan etsə, xalq buna imkan verməyəcək.

Dünyada elə bir lider yoxdur ki, hakimiyyətdə qaldığı müddətdə reytinqi aşağı düşməsin. Hətta Çörçill kimi nəhəngi ingilislər 3 dəfə yola salıb, yenidən qaytarıblar; hətta Heydər Əliyev kimi nəhəng 1993-də 99 faizin üstündə səs toplamışdısa, inanılmaz xidmətlərinə, Azərbaycanı xilas etməsinə və parçalanmadan qorumasına baxmayaraq, 1998-də 90 faizin altında səs qazanmışdı.

Dünyada nadir liderlərdəndir ki, İlham Əliyev 72 faizlə hakimiyyətə gəlib, 19 ildən sonra səsini 95 faizin üstünə qaldırıb – bəzi hesablamalarda 97-98 faiz göstərilir.

Bu reytinqdə liderin, xalqın böyük sevgisini qazanan şəxsin – səbəblərini özünüz yaxşı bilirsiniz – hakimiyyətinin uzun olacağı hər kəsə bəllidir.

Bəxtiyar Hacıyev öz intellekt və qabiliyyətini, savadını niyə bu liderin hakimiyyəti ilə birləşdirib, xidmət etməməlidir? İşsiz-gücsüz, ortada avara-avara gəzməlidir? Niyə illərlə, min bir zəhmətlə qazandığı bilik və təcrübəsini xərcləməməlidir?

Bu səs yazısında Bəxtiyar Hacıyevin bu reallığı dərk etdiyi, öz qabiliyyətindən konkret situasiyada bir qurumun piarı üçün istifadə edilməsinə belə həvəslə razı olduğu görünür.

Üçüncüsü, bu şəxsi yazışmanı ələ keçirənlər onu yaymadan əvvəl düşünməliydilər: B.Hacıyev buna hazırdırsa, niyə onun qabiliyyətindən istifadə edilməməlidir?

Bəxtiyar Hacıyev “Şuşadan gözünüzü çəkin, Şuşa heç vaxt Azərbaycanın olmayacaq” deməyib; Bəxtiyar Hacıyev heç bir hakimiyyət nümayəndəsinə “Lütsifer” yazmayıb; Bəxtiyar Hacıyev indi də azərbaycanlıların gözünə soxulan “Xocalı soyqırımını Azərbaycan hakimiyyəti törədib” yazıb, ermənilərin əlinə fürsət və təbliğat materialı təqdim etməyib; Bəxtiyar Hacıyev Arkadi Qukasyana “cənab prezident” deyə müraciət etməklə ermənilərə “azərbaycanlılar “dqr” rəhbərini prezident kimi qəbul edir” təbliğatı üçün əsas yaratmayıb və s. və i.a.

Baxmayaraq ki, bütün bunları edənlərin də yanlış yoldan çəkilməsi və Azərbaycanın milli maraqları naminə gücünü sərf etməsinə çox normal yanaşıram. Ancaq soruşmaq istəyirəm: bu sözləri deyib, Azərbaycan hakimiyyəti ilə illərlə savaşan, onun əleyhinə beynəlxalq müstəvilərdə qərarlar, qətnamələr çıxartdıran şəxslərlə işləmək mümkündürsə (yenə deyirəm, çox doğru qərardır – !), Bəxtiyar Hacıyevlə niyə işləməməlidirlər?

B.Hacıyev beynəlxalq təşkilatlarda qəbul edilən, sözü eşidilən, ən yüksək səviyyədə görüşlərə qatılan bilən və ölkəmizi təmsil etmək qabiliyyətinə malik şəxsdir. Adamın Hillari Klintondan üzü belə böyük bir “liderlər toplusu”na çıxmaq imkanı varsa, o, niyə təcridxanaya bağlanmalıdır?

12 dekabrdan Azərbaycan ekofəalları, QHT təmsilçiləri, nə bilim, nələri-nələri Şuşa-Xankəndi yolunda sözün hər mənasında mücadilə verir – pisi-yaxşısı, yanlışı-doğrusu ilə birgə. Ancaq bir anlıq təsəvvür edin ki, ordakı aksiyanın önündə duranlardan biri Bəxtiyar Hacıyevdir.

B.Hacıyev beynəlxalq mediaya da çıxacaq, gur-gur guruldayacaq, bildiyi bütün xarici dillərdə daha normal şüarlar səsləndirəcək, hələ Avropadakı tanıdığı, qəbul edildiyi qurumlara, şəxslərə gündə yüzlərlə elektron məktub da göndərəcək; bəlkə beynəlxalq medianın da ora gəlməsinə səbəb ola bilərdi və s.

Yaxşı, Bəxtiyar Hacıyevin bu imkanı, potensialı, təbliğat gücü varkən, niyə milli mücadiləmizdə ondan istifadə edilməməlidir? Axı bu adam əsl vətəndaş olduğunu 44 günlük savaşda göstərdi – onun Vətən müharibəsində ictimai fəallığı, əsgərlərimiz üçün fədakarlığı hər kəsin yadındadır!

İnsanlardan təyinatı üzrə, millətin hədəfləri baxımından istifadə “dərin dövlətin” görə biləcəyi ən strateji işlərdən biridir.

Bəxtiyar Hacıyevin “əsl mahiyyətini” göstərmək və onu nüfuzdan salmaq əvəzinə, o materialı əldə edənlər dərhal onunla danışıqlara başlamalıydılar, onu milli hədəflərimiz istiqamətinə yönəltməli idilər.

Səs yazısı sübut etdi ki, Bəxtiyar Hacıyev buna hazırmış – bir qurumun piarını peşəkarcasına qurmağa hazır olan, lobbiçilik etməyə çalışan bir şəxs milli mücadilə üçün nələr etməz ki!

İlham Əliyev Azərbaycanın ən böyük sərvətinin insan kapitalı olduğunu deyib və deyir!

“İnsan kapitalı” statusu üçün Bəxtiyar Hacıyevdə nə yoxdur ki! – Harvardın məzunu, siyasi təfəkkürlü, publikaya və dünya mediasına “oynamağı” bacaran natiq, PR menecerliyin incəliyini bilən və bunun ən yüksək səviyyədə təhsilini alan, beynəlxalq qurumlarla yaxşı əlaqəsi olan demokrat, müstəqil imicli, çevrəsində xeyli tərəfdarı olan sosial şəbəkə fenomeni! Daha nə lazımdır?!

Bir qədər eybəcər müqayisə də olsa, deməyə bilmərəm: Ermənilər Kardaşyanın arxasından milli maraqlar üçün bəhrələnir, bizsə Bəxtiyarın başından yararlana bilmirik!

Heyf, səd heyf ki, illərin zəhməti bahasına yetişən bu cür peşəkar kadrları əldə veririk…

Teqlər: