Karantinlə bağlı son yumşaldılmalar iqtisadiyyata müsbət təsir edəcək – Ekspert

Xəbər - Fərid Zöhrabov – Trend:

Ölkəmizdə karantinlə bağlı son yumşaldılmalar, bir sıra
qadağaların götürülməsi iqtisadiyyata müsbət təsir edəcək.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli
bildirib.

Onun sözlərinə görə, götürülən qadağalar iqtisadiyyatın əsasən
ictimai iaşə və xidmət sektoruna aid idi:

“Məhdudiyyətlər həmin sahələrin tam işləməsinə imkan vermirdi.
Bu da həmin sektorlarda çalışanların gəlirlərinin azalması ilə
nəticələnirdi. Buna əsasən şadlıq evlərini, mərasim evlərini,
qəlyanxanalarda çalışanları misal göstərmək olar. Bəzi məkanlara
vaxt məhdudiyyəti qoyulmuşdu. İndi vaxt məhdudiyyəti də aradan
götürülüb. Bütün bunlar gəlirlərin artması və əlavə iş yerlərinin
yaranması deməkdir. Belə olduğu təqdirdə vergi və sosial ödəmələr
artacaq. Şadlıq evlərində qonaq limitinin götürülməsi dolayı yolla
bir çox sahələrə müsbət təsir edəcək. Əsasən kənd təsərüfatında,
gözəllik salonlarında, toyla bağlı digər biznes sahələrində
çalışanlar bunun bəhrəsini görəcək. Məhdudiyyətlərin götürülməsi
əsasən kiçik və orta sahibkarlıq subyektlərinin gəlirlərinə müsbət
təsir göstərəcək”, – deyə ekspert bildirib.

Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə
əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin
növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında
Operativ Qərargah tərəfindən qərar qəbul edilib.

2022-ci il martın 6-dan aşağıdakı məhdudiyyətlər ləğv
edilib:

mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və
konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin
uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar
da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq
və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı
vaxt və say məhdudiyyəti;

dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət
üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti;
şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi
ilə bağlı vaxt və say məhdudiyyəti;

ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri
və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti,
həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı
məhdudiyyət;

pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu
zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;
10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor
xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti

Twitter:@FaridZohrabov

Teqlər: