Karantin yumşaldıldı, pandemiyanın davam etdiyini isə unutmamalıyıq

Xəbər - Humay Ağacanova – Trend:

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qərar qəbul edildi.

Trend xəbər verir ki, qərara əsasən, 2022-ci il
martın 6-dan etibarən dövlət orqanlarında (qurumlarında)
vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna,dini ritual
xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər
qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və
keçirilməsinə,bütün kütləvi tədbirlərin, o cümlədən idman
tədbirlərinin keçirilməsinə;ictimai iaşə obyektlərində qəlyan
avadanlıqlarından istifadəyə,masaj xidmətlərinin
göstərilməsinə,sərnişinləri qarşılayan və yola salan şəxslərin hava
limanının terminalına girişinə icazə verildi.

Həmçinin, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların,
teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının,
həmçinin, uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində
olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin
nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların
fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti, dini ibadət
yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə
tutulan yerlərlə bağlı faiz məhdudiyyəti, şənlik mərasimlərinin
(toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say
məhdudiyyəti, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe,
çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt
məhdudiyyəti, həmçinin, hər bir masa arxasında 6 nəfərdən artıq
toplaşmaqla bağlı məhdudiyyət, pandemiya dövründə ictimai iaşə
müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq
normaları, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və
repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti aradan
qalxdı.

Qonşu ölkələrlə müqayisədə yoluxmaların sayı ölkəmizdə azdır.
Bunun da əsas səbəbi vətəndaşlarımızın könüllü vaksinasiya
prosesinə inamla yanaşmasıdır. Ölkəmizdə vaksinasiya prosesinin
sürətli getməsi karantin rejiminin yumşalması ilə nəticələnir. Bu
qaydaların yumşaldılması, eləcə də bir sıra sahələrdə fəaliyyətin
əvvəlki qaydalarda aparılması iqtisadiyyata, həmçinin, real sektora
öz müsbət təsirini göstərəcək.

Bütün müsbətə doğru olan dəyişikliklərə baxmayaraq, yenə də
unutmamalıyıq ki, virus hələ məhv olmayıb və pandemiya tamamilə
bitməyib. Yoluxma sayında azalmaların olduğunu görüb arxayınlaşmaq
rəqəmlərin artımında müsbət dinamikaya səbəb olur. Gigiyenik
qaydalara mütləq riayət edilməlidir. İnsan sıxlığı olan yerdə
iştirak edilməməli, sosial məsafə qorunmalı və maskdan düzgün
istifadə edilməlidir. Bunlardan da vacib olan isə vaksinasiyadır.
Üçüncü doza vaksini həm risk qrupuna daxil olan, həm də xəstəliyi
olmayan vətəndaşlarımızın qəbul etməsi tövsiyə olunur. Çünki
virusdan qorunmaq üçün ən yaxşı variant vaksin olunmaqdır.

Teqlər: