Xəbər - Humay Ağacanova – Trend:
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qərar qəbul edildi.
Martın 6-dan tətbiq olunmağa başlayan qərara əsasən bir sıra
məhdudiyyətlər aradan qaldırıldı.
Yoluxma sayının azalması səbəbindən karantin rejiminin
yumşaldılması universitetlərdə tədris ənənəvi formaya keçməsinə
necə təsir edəcək?
Trend sözügedən məsələ ilə bağlı Azərbaycan
universitetlərinə sorğu ünvanlayıb.
Azərbaycan Texniki Universitetinin (AzTU)
mətbuat katibi Sevinc İsgəndərova Trend-in sualını cavablayarkən qeyd edib ki,
Azərbaycan Texniki Universitetində (AzTU) tədris hibrid formada
davam edir.
“Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı tədrisin tam
olaraq ənənəvi formaya keçidi Təhsil Nazirliyi və Nazirlər
Kabinetinin müvafiq qərarı ilə mümkün ola bilər. Hələlik bununla
bağlı rəsmi qərar yoxdur”, – deyə o əlavə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
(ADPU) mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, dərslər hazırda
hibrid formada davam edir.
“Tədrisin tam olaraq ənənəvi formaya keçməsi universitetlərin öz
seçimləridir. Tələbə sayı çox olduğu üçün hazırda dəyişilməsi
nəzərdə tutulmur”, -deyə o bildirib.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat
xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə,
universitetdə dərslər distant yox, ənənəvi formada davam edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
(AZMİU) mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, karantin
yumşaldılması ilə bağlı ənənəvi tədrisə keçid hazırda
universitetlərdə müzakirə olunur.
“Lakin bizim universitetdə hələ bir qərar verilməyib. Təhsil
Nazirliyi və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq bir
nəticə əldə olunacaq. Hazırda dərslər hibrid formada davam edir”, –
deyə o qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) mətbuat katibi Elnarə Məmmədovanın sözlərinə görə,
hal-hazırda magistrlardə dərslər ənənvi formada aparılır.
Bakalavrlarda isə mühazirələr onlayn, seminarlar isə ənənəvi
qaydada keçirilir.