Nənəmin on üç övladı ölüb. O, İkinci Dünya Müharibəsindən az sonra ailə qurmuşdu. Müharibə və ondan sonrakı illərdə davam edən aclıq, çətin həyat şərtləri ona gətirib çıxarmışdı ki, nənəmin övladları bir-birinin ardınca dünyalarını dəyişmişdilər.
Uşaqlıq illərimdən nənəmlə bağlı ən çox yadımda qalan şeylərdən biri, onun üzündən heç vaxt əskik olmayan kədəri idi. Böyüyəndən, ana olandan sonra nənəmin üzündəki o “dünyadan uzaqlaşmış” ifadənin də izahını tapmışdım – övlad itirəndən sonra valideyn özü də mənəvi anlamda itir, yoxa çıxırmış…
Müharibərlərin ən dəhşətli tərəflərindən biri, açılan atəşlərin və partlayan bombaların uşaqlardan da yan keçməməsidir. Bütün müharibələrdə uşaqlar da həyatlarını itirir, yaralanır, fiziki və mənəvi zədələr alaraq, ömür boyu bu yara ilə yaşamalı olurlar.
İnsanlıq Eynşteyni, Tolstoyu, Mariya Kürini, Bethoveni və yüzlərlə başqa dühanı itirəndə, kimi itirdiyini anlayırdı və bu dühalara yas tuturdu. Təsəvvür edin ki, bu insanlar uşaqkən müharibədə həyatlarını itirsəydilər, biz necə dəyərli, vacib adamlardan məhrum olacaqdıq. Bəşəriyyət bu dahilərsiz elmi-texniki, mənəvi anlamda necə kasıblayacaqdı…
Bu gün də dünyada minlərlə uşaq müharibə vaxtı öz həyatını itirir. İraqda, Suriyada, Əfqanıstanda və onlarla başqa ölkələrdə hər gün ölüm qorxusu altında yaşayan yüz minlərlə uşaq var. Bu gün biz yüzlələ, minlərlə məsum varlıqlarla yanaşı, gələcəyimizin, insanlığın dahilərini itiririk amma bundan xəbərimiz də yoxdur. Çünki yarıda qırılan ömürlər bizi bu körpə qurbanların gələcəyindən məhrum edir. Dünya öz körpə övladlarını müharibələrdə itirir…
Yanlış anlaşılma olmasın deyə, vurğulayım, gələcəyi nə, necə olur-olsun, hər bir uşağın həlak olması, ölümü insanlıq faciəsidi. Bir dahi qədər, gələcəkdə öz həyatını sadə, heç bir özəlliyi olmadan yaşayacaq balaca varlıqların da həyatı qiymətlidir. Bu dünyaya gəlmiş hər bir varlığın öz payına düşən ömrü bütün yaşamaq haqqı var. Hər bir insanın həyatı dəyərli, hər bir insan, bir dünyadır. Tanrının verdiyi ömrü yaşamaq hamısının haqqıdır.
Təəssüf ki, biz azərbaycan xalqı da, müharibədə öz körpə balalarını qurban verən xalqlardan biriyik. Bəli, bu dəhşət bizim də körpələrimizdən yan keçmədi. İstər birinci, istər ikinci Qarabağ müharibəsində biz onlarla övladımızı itirdik. Xocalı faciəsindən tutmuş, ötən ilki 44 günlük savaşa qədər bu otuz il ərzində bizim də körpələrimiz silahların, bombaların hədəfi olaraq, əbədiyyətə qovuşdular.
Sinəsində ürək gəzdirən heç bir kəs uşaq ölümlərinə laqeyd qala bilmir. Savaşların bu balaca qəhrəmanlarına qarşı içimizdə daima bir təəssüf hissi olur, biz onların ölümünü həzm edə bilmir, sağ qalan yaxınlarına dəstək olmağa çalışırıq. Hərə əlindən gələni edir və müharibədə övladını itirmiş valideynlərin, yaxınların yarasına bir cürə məlhəm olmağa çalışır.
İncəsənətin də az qala bütün sahələri müharibələrin uşaq qurbanlarını həssas qəbul edir. Rəngkarlıq, heykəltaraşlıq, ədəbiyyat və kino müharibədə həlak olmuş, yaralanmış uşaqlara əsərlər həsr edir və incəsənət bu insanlıq faciəsinə qarşı öz tövrünü ortaya qoymuş olur, öz borcundan çıxmağa çalışır.
Məsələn, Çexiyada, Liditsa şəhərində müharibədə həyatın itirmiş 82 uşaq üçün qoyulmuş abidə-kompleksi də bu sənət nümunələrindən biridir. “Mən Liditsanın itirdiyi 82 övladını onlara geri qaytarıram!” deyən heykəltaraş Mariya Uxitilova düz 20 il boyunca heykəllərin üzərində çalışsa da, bu mənəvi yükün ağırlığına davam gətirməyərək, 1989-cu ildə vəfat etdi. Onun işini əri və qızı davam etdirərək, 2000-ci ildə abidə-kompleksin işini başa çatdırdılar.
İncəsənətin, ədəbiyyatın savaşda həlak olan uşaqlara əsərlər həsr etməsi, bu günahsız varlıqların ölümünü statistika, say olmaqdan çıxarır, insanlıq faciəsinin necə böyük olduğunu göstərə bilir.
Müharibədə itirdiyimiz övladlarımız bir say, statistika olaraq, qalmasın deyə, bu gün biz də, Qarabağ Dirçəliş Fondu olaraq, yeni bir layihə başladıq. Müharibədə həyatını itirmiş körpələrimiz barədə mümkün olan bütün məlumatların, mətn və fotoların, xəbər və xatirələrin yer aldığı bir platforma yaratmaq qərarına gəldik. Ümid edirik ki, bu addımımız, körpələrin yaxınlarının yanan qəlbinə səpilən bir ovuc su olmaqla yanaşı, həm də müharibədə itirdiyimiz körpələrimizlə bağlı sənət əsərləri yaratmaq istəyəcək yaradıcı insanlarımız üçün də qiymətli bir baza olacaqdır.
Müharibə və uşaq…Ölüm və uşaq…Bu sözlərin eyni cümlələrdə işlədilməsi necə də qorxulu, ağrılıdır. “Müharibə”, “ölüm”, “həlak”, “silah” kimi sözlərin “uşaq” kəlməsi ilə yanaşı gəlməsi insanlıq faciəsidir. Bu sözlər hər dəfə bir araya gələndə dünyada neçə həyat başlamadan bitir, nə qədər arzular, xəyallar bir anın içində qırılıb, yarımçıq qalır, neçə məsum varlıq vaxtsız əbədiyyətə qovuşur.
Müharibə və uşaq sözləri bir daha bir yerə gəlməsin. Dünyamız o qədər dinc, o qədər sakit bir yerə çevrilsin ki, savaşlarda həyatını itirən uşaqların olduğunu görməyək. Bu sözlər bir-birindən uzaq, o qədər uzaq olsun ki, bir cümlədə işlətmək heç vaxt mümkün olmasın!
Aybəniz İsmayılova,
Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri