“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib (FOTO)

Qarabağ Dirçəliş Fondu 27 iyul 2021-ci il tarixində uzun müddət ərzində davam edən erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edib.

Bu barədə AzerTimes-a Qarabağ Dirçəliş Fondundan məlumat verilib.

Bir müddət öncə ictimaiyyətə təqdim olunan “Karabakh.Center” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

“Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın “Urbisid” bölməsində yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.

Tədbirdə QDF-in Müşahidə Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırımla yanaşı, ölkədə ictimai rəyin formalaşmasında, 44 günlük müharibə ərzində Qarabağ mövzusunun daha geniş kütləyə çatdırılmasında rolu olan bir çox tanınmış ictimai simalar və KİV nümayəndələri iştirak edib.

Tədbiri açılış nitqi ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev açıb.

Sözlərinə Qarabağ Dirçəliş Fondunun yaradılması, məqsəd və vəzifələri, hazırkı fəaliyyət istiqamətləri barədə məlumat verərək başlayan R.Hacıyev, daha sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Karabakh.Center” layihəsi haqqında geniş məlumat verib. O, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına xidmət etdən bu internet resursunun yaradılmasının təşəbbüskarı olan hörmətli Mehriban xanım Əliyevaya göstərdiyi etimada, hörmətli Müşahidə Şurasının üzvlərinə isə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

“Biz artıq qalib ölkənin vətəndaşlarıyıq. Hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərə dəstək olmalı, bu mühüm vəzifə ətrafında güclərimizi birləşdirməliyik” deyən sədr, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə onu bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüyü üçün öz dərin minnətdarlığını ifadə edərək, bu etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini də xüsusi vurğulayıb.


Rəhman Hacıyev erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş fotosərginin əhəmiyyətindən danışaraq, bu formada tədbirlərin mütəmadi şəkildə keçiriləcəyini bildirib.
O, həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və “Azərbaycan Televiziya və Radio verilişləri” QSC-yə (AZTV) təşəkkür edib.

Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım çıxışı zamanı ermənilər tərəfindən Azərbaycan ərazilərində bütün infrasturkturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixi və dini abidələrin tamamilə məhv edilməsi faktlarının öz əksini tapdığı “Karabakh.Center” portalının və Qarabağ həqiqətlərinin daha geniş kütləyə çatdırılmasında belə tədbirlərin önəmindən danışıb.

Fatma Yıldırım hər kəsi Azərbaycan dövlətinin qarşısında duran bərpa-yenidənqurma işlərində fəal iştirak etməyə və bu istiqamətdə görülən işlərə bu və ya digər formada dəstək olmağa dəvət edib. Erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışan millət vəkili postkonflikt dövrünün bərpasının böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən bir proses olduğunu vurğulayaraq, bu dövrdə dövlət – özəl sektor əməkdaşlığının, vətəndaşların səylərinin Qarabağın dirçəlişinə böyük töhfə verə biləcəyini deyib.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova abidələrin zənginliyi ilə seçilən, mədəniyyətimizin beşiyi hesab olunan Qarabağ bölgəsinin Ermənistanın işğalı nəticəsində orada olan bütün muzeylərin, məscidlərin, abidələrin dağıdılması barədə danışarkən, xalqımızın Qarabağ savaşında torpaqalarımızı itirməklə yanaşı böyük bir sosioloji apokalipsis yaşadığını da xüsusilə vurğulayıb. O qeyd edib ki, biz bu sosioloji kollapsı yalnız otuz ildən sonra, saysız ənənələrimiz, bizi biz edən etnik özəlliklərimiz, bölgəsəl yaşam tərzimiz əlimizdən çıxandan sonra görə bildik. Bu isə bir milyona yaxın insanın gündəlik, ənənəvi həyat tərzinin itirilməsi idi.

Aybəniz İsmayılova Ermənistanın ərazilərimizi işğal etməsinin nəticəsi olaraq, azərbaycanlıların bütün mülkiyyətlərindən və həyat tərzlərindən məhrum olması, məhz bu işğal nəticəsində insanların evini, ocağını tərk etməyə məcbur olması, otuz ilə yaxın bir müddətdə doğma torpaqlarından ayrı düşməsini qeyd edərkən, bu gün qalib ölkənin nümayəndələri kimi hər şeyi daha gözəl formada bərpa etmək iqtidarında olmağımızdan danışıb. O, keçmişi unutmamaqla gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.

Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bu mühüm vəzifədə Qarabağ Dirçəliş Fonduna ianə edərək dəstək olmaq, bərpa və quruculuq prosesinin iştirakçısına çevrilmək istəyən şəxslərin rahatlıqla ödəniş edə bilməsi üçün “İanə et” funksiyasının əlavə olunduğu platformalar haqqında məlumat verib. İanə prosesini asanlaşdırmaq və bütün mümkün platformalara bu funksiyanı əlavə etmək istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdıran Pərvin Məmmədovanın sözlərinə görə, yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu bu işdə səylərin birləşdirilməsi üçün vahid və əlçatan platformadır.

Tədbirdə fotosərgi ilə yanaş dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu nümayiş olunub.

Teqlər: