“Kanal İstanbul” Türk Boğazlarından istifadə edən bütün ölkələr üçün böyük əhəmiyyət daşıyır – Adil Karaismailoğlu (ÖZƏL)

“Kanal İstanbul” layihəsi Türkiyə ilə yanaşı Türk Boğazlarından istifadə edən bütün ölkələr üçün böyük əhəmiyyət daşıyır.

Bunu AzerTimes-a özəl müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

A.Karaismailoğlu qeyd edib ki, Türkiyə tarixi imkanları qazanca çevirmək üçün müasir nəqliyyat infrastrukturu yaratmaqdadır.

Nazirin sözlərinə görə, nəqliyyatın bütün sahələrində dünyamiqyaslı layihələr planlaşdırılarkən bölgədəki dəyişən ehtiyaclar və qlobal ticarət inkişafları prioritet olaraq nəzərə alınır və bu baxımdan “Kanal İstanbul”un təcili şəkildə həyata keçirilməsi strateji önəm daşıyır:

“Gəmilərin İstanbul boğazından keçidini tənzimləyən Montrö Boğazlar Konvensiyasının imzalandığı dövrdə boğazdan keçən gəmi sayı ildə 3000-ə yaxın idi. Bu gün, dünya ticarətində və Qara dəniz hövzəsindəki iqtisadi fəaliyyətdə dəniz yollarının əhəmiyyətinin artması səbəbindən, hazırda Bosfor boğazından keçən gəmilərin illik orta sayı 50 mini keçir. Bu rəqəmin növbəti onilliklərdə daha da artacağını və 86 minə çatacağını gözləyirik. Digər tərəfdən gəmilərin həcminin böyüməsi, təhlükəli, zəhərli maddələr daşıyan tankerlərin və onların yüklərinin artması İstanbul üçün ciddi risk qaynağıdır. Bünün bunlar – risklər və gəmi sayında artım “Kanal İstanbul” layihəsinə ciddi ehtiyac olduğunu ortaya qoydu”.

A.Karaismailoğlu onu da bildirib ki, “Kanal İstanbul” layihəsi boğazlara düşən yükü azaldacaq və bu layihə sayəsində boğazlarda yükdaşımalarda yaranan tıxaclar və gözləmə müddəti azalacaq.


Nazir yeni kanalda ağıllı naviqasiya sistemlərindən istifadə edilərək gəmilərin tam etibarlı və sürətli keçidinin mümkün olacağını qeyd edib.

Onun sözlərinə görə, İstanbulun Küçükçekmece-Durusu dəhlizində yerləşəcək “Kanal İstanbul”un uzunluğu 45 kilometr, eni minimum 275 metr, dərinliyi təxminən 21 metr olacaq:

“Layihə başa çatdıqdan sonra uzunluğu 275 metr və eni 48 metr olan neft tankerləri, həmçinin uzunluğu 350 metr və eni 49 metr olan konteyner gəmiləri bu kanaldan keçə biləcəklər. “Kanal İstanbul” sayəsində Türkiyə “ticarət gölünə” çevrilmiş Qara dənizin lider ölkəsi olacaq, qlobal ticarətdə daha aktiv rol oynayacaq və beləliklə, beynəlxalq logistika dəhlizlərinin daha böyük bir hissəsini əldə edəcək”.

A.Karaismailoğlu bildirib ki, kanalın inşası üçün hazırlıq işləri tamamlanıb və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Hesabatının alınması üçün müsbət qərar qəbul edilib.

“Kanalın inşası üçün yaxın zamanda tender elan ediləcək və inşaat prosesinə başlanılacaq. İyun ayında “Kanal İstanbul”da inşa ediləcək ilk körpünün təməlqoyma mərasimini keçirəcəyik”.