Kanadada illik inflyasiya mart ayında sürətlənərək, Ukrayna
böhranı və enerji qiymətlərinin yüksəlməsi fonunda son 30 ilin ən
yüksək səviyyəsinə çatıb.
Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, inflyasiyanın səviyyəsi 6,1
faiz proqnoza qarşı 6,7 faiz təşkil edib.
Artan qiymətləri nəzarətdə saxlamaq üçün Kanada Mərkəzi Bankı
əsas faiz dərəcəsini 0,5 faiz qaldıraraq indi bir faizə çatdırıb.
İnflyasiyanın səbəbləri sırasında pandemiyanın təsirləri, qlobal
təchizat zəncirlərinin pozulması, enerji və zəruri malların
qiymətlərinin qalxması var.
Kanadada benzinin qiyməti fevral ayına nisbətən 11,8 faiz, keçən
ilin eyni dövrü ilə nisbətdə isə 39,8 faiz artıb. Ölkənin
statistika xidmətinin məlumatına görə, ərzaq məhsullarının
qiymətləri illik müqayisədə 8,7 faiz bahalaşıb. Ən sürətlə artan
qiymətlər davamlı istifadə olunan mallar, eləcə də mənzil
qiymətləri olub.