Kanada xarici işlər naziri Melani Colinin Azərbaycana qarşı bir müddətdir ki, açıq-aşkar nümayiş etdirdiyi qərəzli və aqressiv mövqeyi təəccüb doğurmamalıdır. Sadəcə bu ölkənin gerbinə diqqət yetirmək kifayətdir ki, Kanadanın xarici siyasətinin, sözün əsil mənasında, bir çox xarici amillərin təsiri altında formalaşdığı aydın olsun. Kanada gerbində Fransa bayrağının və qədim Fransa gerbi təsvirlərinin üstün mövqelərdə əks olunması artıq bir çox mətləblərdən xəbər verir. Bəlkə də Melani Colinin fransız genləri “erməni sevgisi” qarşısında duruş gətirə bilməyib.
AzerTimes xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
O, Kanada rəsmisinin Ermənistan-Azərbaycan sərhəddinə qədər gələrək ölkəmizin ərazilərini binoklla müşahidə etməsini dövlətlərarası münasibətlərdə qəbul olunmuş etik qaydalara zidd davranış, Bakını hansısa sanksiyalarla hədələməsini isə heç bir təsir gücünə malik olmayan boş danışıq kimi qiymətləndirib:
“Əslində, bir çox Qərb dövlətlərinin və siyasətçilərinin erməni kartını müxtəlif məqsədlərlə oynamaları çoxdan müşahidə olunan bir haldır. Təəssüf doğuran məqam isə budur ki, hazırda bu məqsədlər arasında Cənubi Qafqazda destabillik və mümkün olarsa hətta silahlı münaqişə ocaqları yaratmaq niyyətləri üstünlük təşkil edir. Həmin ölkələr bu yolla regionumuzda gedən proseslərə təsir imkanları əldə etməyə çalışırlar. Azərbaycan bu məqsədlərin qarşısında duran ən böyük gücdür. Buna görə də birbaşa hücumlarla ölkəmizlə münasibətlərinə xələl gətirmək istəməyən müəyyən dairələr Melani Coli kimi məsuliyyətsiz siyasətçiləri irəli çıxarmağa üstünlük verirlər. Kanadanın xarici işlər nazirinin məsuliyyətsizliyi isə, ilk növbədə, bu xanımın Azərbaycanı hansısa sanksiyalarla hədələməsində özünü göstərir. Görəsən söhbət hansı sanksiyalardan gedir? Görəsən Melani Colinin bu təhdidini həyata keçirmək üçün ölkəsinin heç bir imkanı olmadığından, hətta tam əksinə, Azərbaycanın istədiyi an Kanada şirkətlərinin öz ərazisində fəaliyyətlərini məhdudlaşdırmaq, həmçinin Kanadanın Mərkəzi Asiya ölkələrindən aldığı və Azərbaycan üzərindən daşınan uranın ixracını istədiyi zaman dayandırmaq imkanına sahib olduğundan xəbəri varmı? Əgər yoxdursa, bu zaman Azərbaycan hökuməti bəzi əməli tədbirlər görməklə kimin-kimə sanksiya tətbiq edə biləcəyi mövzusunda kanadalı naziri maarifləndirə bilər”.
K.Qafarov Kanadanın Azərbaycanı “deportasiya” siyasəti yürütməkdə ittiham etməyə heç bir hüquqi və mənəvi haqqı olmayan ölkə olduğunu vurğulayaraq deyib:
“Çox qəribədir ki, bu gün Fransa və Kanada kimi ölkələr digər dövlətlərə qarşı hansısa absurd ittihamlar irəli sürərkən qətiyyən öz qanlı tarixlərini xatırlamaq istəmirlər. Məsələn, Kanadanın özünün bir dövlət kimi yerli xalqların soyqırımı nəticəsində yaradılması bütün dünyaya məlum olan faktdır. Kanadanın Kamlups şəhərindəki hindu uşaqları üçün olan internat məktəbində adsız məzarlıqda 215 uşağın dəfn olunduğu, ümumilikdə 1831-1996-cı illərdə ölkə ərazisində fəaliyyət göstərən bu tip internat məktəblərində 150 minə yaxın hindu uşağının evlərindən və ailələrindən güclə ayrıldığı, bu uşaqlardan bir çoxunun fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalmaları, bəzilərinin isə üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölmələri barədə məlumatlar da dünya mediasında kifayət qədər işıqlandırılan mövzulardır. Melani Colinin təmsil etdiyi Kanada hökumətinin birinci şəxsi, ölkənin baş naziri isə cəmi iki il bundan öncə ölkə tarixinin ən böyük uşaq istismarı hadisəsinin 2010-2015-ci illərdə fəaliyyət göstərmiş kilsədə baş verdiyini özü rəsmən etiraf edib və bütün bu cinayətlərə görə məsuliyyəti bu ölkədən 8000 kilometr məsafədə yerləşən Vatikanın daşıdığını və onların üzr istəməsinin vacibliyini bildirib. Təsəvvür edin, öz hüdudları daxilində öz vətəndaşlarına, həm də uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımaqdan imtina edən bir ölkənin naziri Azərbaycanı entik dözümsüzlükdə ittiham etməyə çalışır. Yaxşı olardı ki, Kanada ilk növbədə öz daxili problemlərini həll etsin və əsrlər boyunca soyqırımlarına, etnik təmizləmələrə məruz qoyulan yerli xalqların, hinduların hüquqlarının bərpası barədə düşünsün. Əlbəttə ki, əgər bir dövlət olaraq ən azından öz ərazisində müstəqil siyasət yürütmək səlahiyyəti varsa…”