Kamran Əliyev Peterburq forumunda çıxış etdi

Kamran Əliyev Peterburq forumunda çıxış etdi

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq şəhərində işgüzar səfərdədir.

Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bu gün nümayəndə heyəti Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Forumun qlobal iqtisadi problemlərin həllinə öz töhfəsini verəcəyini və konstruktiv səmərəli dialoqa nümunə olacağını bildirərək tədbirin işinə uğurlar arzu edib.

Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən “Sahibkarlığa dövlət qayğısı: əlverişli biznes mühitinin formalaşdırılması” sessiyasında Kamran Əliyev “Qanunun aliliyi və iqtisadi tərəqqi” mövzusunda çıxış edib.

Tədbir iştirakçılarını salamlayan Baş prokuror Rusiyanın müxtəlif regionlarında xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib.

Baş prokuror çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığın inkişafının dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu, aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturunun yaxşılaşdırıldığını, sahibkarların vergi yükünün azaldılması, o cümlədən mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması, onlara dövlət tərəfindən maliyyə dəstəyinin artırıldığını qeyd edib.

Həmçinin, Kamran Əliyev prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, prokurorluğun ictimai, o cümlədən, sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindən danışıb.

Sessiya zamanı digər natiqlər çıxışlar edib, sessiyaya həsr olunmuş mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev ilə Türkiyənin Baş prokuroru Bekir Şahin, Vyetnam Sosialist Respublikasının Baş prokuroru Le Minh Tri, Tayland Krallığının Baş prokuroru Nari Tantasatien və Çin Xalq Respublikasının Baş prokurorunun müavini Zhang Zhijie arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə cinayətkarlığa qarşı mübarizədə təcrübə mübadiləsinin önəmli olduğu bildirilməklə, maraq kəsb edən bir sıra məsələlər, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.

Nümayəndə heyətinin Sankt-Peterburq şəhərinə işgüzar səfəri başa çatıb.

Teqlər: