Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londona işgüzar səfərə gedib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, nümayəndə heyəti ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyinə gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsini ehtiramla anıb.
Sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib.
Konfransın açılış mərasimində İngiltərə və Uelsin Baş prokuroru Viktoriya Prentis, Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Xuan Batista Mahikes qonaqları salamlayaraq, tədbirin cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın uğurla davam etdirilməsinə müsbət töhfə verəcəyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar.
Sentyabrın 25-də konfransın plenar sessiyasında çıxış edən Baş prokuror Kamran Əliyev ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq, müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən bəhs edib.
Bundan başqa, konfrans çərçivəsində Kamran Əliyev Türkiyə, Səudiyyə Ərəbistanı, Fələstin, Tailand, Gürcüstan, Lixtenşteyn, Moldova, Tacikistan və digər dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib. İkitərəfli hüquqi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmaqla yanaşı, Baş prokuror sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirləri barədə həmkarlarını məlumatlandırıb.
Baş prokurorun Londona işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Milli Cinayət Agentliyində (NCA) ikitərəfli görüş keçirilib. Əməliyyatlar üzrə Baş direktor Rob Consla görüşdə ölkələrimiz arasında transmilli cinayətkarlıqla, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və sair mütəşəkkil cinayətlərə qarşı effektiv mübarizə məsələləri müzakirə olunub.
Görüşdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov iştirak edib.
Nümayəndə heyətinin Birləşmiş Krallığa səfəri davam edir.