Kamillə bacarmadılar, əsgərimiz saxlanıldı: nə baş verir?

Kamillə bacarmadılar, əsgərimiz saxlanıldı: nə baş verir?

21 fevralda Moskvada saxlanılan idmançı Kamil Zeynallı ilə bağlı hələ o zaman müəyyən iddialar səsləndirilirdi, ehtimal edilirdi ki, onu Ermənistan Bakıda saxlanılan terrorçulardan hansı iləsə dəyişmək üçün ələ keçirməyə çalışır.

Məntiq də vardı: Ermənistan tərəfindən 2023-cü ilin mayında beynəlxalq axtarış elan olunandan sonra Kamil Zeynallı 3 dəfə Rusiyada olmuş və heç bir problemlə qarşılamamışdı. Özünün mediaya açıqlamasında bildirir ki, pasportundakı adlar uyğun gəlmirmiş- ermənilər “Kyamil” kimi axtarışa veriblər, onun pasportunda isə adı “Kamil” olaraq qeyd edilib.

Ancaq nədənsə 21 fevralda Domodedovoda rus polislər “Kyamil”in elə məhz “Kamil” olduğuna qərar vermişdilər. Maraqlıdır, Kamil Zeynallının əvvəl iki dəfə Rusiyaya girib-çıxdığı haqda ermənilərə məlumatmı ötürülüb ki, onlar “Kyamil” adında dəyişiklik ediblər, yoxsa rus polisi bu “hərf fərqini” nəzərə almadan bu qərarı vermişdi?

Bu müəmmalar içərisində rusiyalı milyarder, vaxtilə Xankəndiyə göndərilən və burada separatizmi, terrorçuluğu qızışdıran və terrorun maliyələşdiricisi qismində çıxış edən, hazırda Bakıda həbsdə olan Ruben Vardanın bir müddət öncə sahibi olduğu Ermənistanın ən böyük bankının səhmlərini satması informasiyası gündəmə gəldi. Belə ki, “Bank of Georgia Group”un “Ameriabank”ın əsas səhmlərini aldığı və qısa müddətdə rəsmiləşdirməni aparacağı barədə informasiya 19 fevralda mediada yayıldı. “Ameriabank”ın səhmdarları sırasında 48,82 faizlə “Imast Group” şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş “Ameria Group”), eləcə də 12,05 faizlə “ESPS Group” (buraya bir sıra “Ameria Group” menecerləri daxildir, yəni Vardanyana bağlı şəxslər) var. Məlumata görə, əməliyyatın həcmi 303,6 milyon dollar təşkil edir. Ehtimal edilir ki, bu sövdələşmədən əldə edilən külli miqdarda vəsait Ruben Vardanyanın azadlığa çıxması üçün Rusiyanın bəlli dairələrinə təklif edilib. Nəzərə alaq ki, Vardanyan Rusiyada milyarder olub və burada çox böyük siyasi əlaqələri var.

Onu da nəzərə alaq ki, Kamil Zeynallı Rusiyaya 17 fevralda getmişdi – nədənsə onu ölkəyə buraxanlar “ya” hərfinin “a” olduğunu “Ameriabank”ın satışının elan olunmasından iki gün əvvəl deyil, iki gün sonra “görmüşdülər” və Kamil Rusiyaya girəndə yox, Rusiyadan qayıdanda həbs edilmişdi.

Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Kamil Zeynallı azad edildi. Ancaq təəssüf ki, cəmi bir həftədən sonra sərhədi azan hərbçimiz Ermənistanda saxlanıldı.

Azərbaycan dövləti üçün hər bir fərdin, əsgərin dəyərinin hansı qiymətə olduğunu ermənilər də yaxşı bilirlər. Yəni Kamil Zeynallı və yaxud bu gün saxlanılan əsgərimiz Ruslan Pənahovun heç bir fərqi yoxdur. Azərbaycan dövlətinin əsgərinə-vətəndaşına verdiyi dəyər bir müddət öncə də hər kəsə aydın oldu: Ermənistanın saxladığı iki əsgərimizi azad etmək üçün 32 ermənini geri qaytardıq.

Belədə maraqlıdır: Dövlət başçısının Azərbaycan vətəndaşına qarşı bu qədər həssaslığını hər kəs bildiyi halda, əsgərimiz necə belə ehtiyatsızlıq edə bilər?

İddiaya görə, əsgərimiz Dığ kəndi istiqamətində yolu azıb. Həmin ərazidə bir müddət əvvəl toqquşma da baş vermişdi və o ərazi AB missiyasının müşahidəsi altındadır.

Teqlər: