Kamil nümunəsi: Azərbaycan bu şok addımı ata bilər!

Kamil nümunəsi: Azərbaycan bu şok addımı ata bilər!

Azərbaycanlı idmançı Kamil Zeynallının Rusiyada Ermənistanın tələbi əsasında saxlanılması heç bir hüquqa sığmır, amma bunun siyasi qərar olması da şübhəsizdir.

Əvvəla, Kamil Zeynallının İrəvana verilməsi baş verərsə, bu, o deməkdir ki, Rusiya münaqişənin baş verdiyi onillərdən sonra ilk presedent yaradır. Bu məntiqlə Rusiyaya gedən istənilən Azərbaycan vətəndaşı – o şəxslər ki, müharibədə iştirak edib və Ermənistan onlar barədə cinayət işi açıb – həbs edilə və Ermənistana verilə bilər.

Eyni məntiq bizim generalitetimizə və siyasi rəhbərliyimizə də aiddir.

İkincisi, Rusiya bu əməli törədərsə – Kamil Zeynallını Ermənistana təhvil verərsə, mütləq qarşılığını alacaq.

Rusiya hazırda Ukrayna ilə müharibə aparır və Ukrayna saysız-hesabsız rusiyalıya qarşı cinayət işi açaraq, onları beynəlxalq axtarışa verib.

Azərbaycan ölkəyə daxil olan Rusiya vətəndaşlarını araşdıra, onlar barədə hər hansı cinayət işi açılıb-açılmadığını müəyyənləşdirə və qərar verə bilər. Üstəlik, bu, yalnız Ukrayna ilə bağlı deyil. Azərbaycan hüquq-mühafizə orqanlarının bir çox Avropa ölkəsindəki həmkarları ilə əməkdaşlığı, anlaşmaları və razılaşmaları var. Qərb ölkələri isə hazırda heç də az rusiyalı haqda axtarış qərarı verməyib. Kamil Zeynallı Ermənistana verilərsə, Azərbaycan qarşılıqlı addım kimi axtarışda olan rusiyalıların ovuna çıxa bilər.

2022-ci il 22 fevral sazişinə görə, Rusiya Azərbaycanın müttəfiqi statusunu qazanıb. Azərbaycanın müttəfiqi düşmən ölkənin tələbi ilə heç bir beynəlxalq cinayət törətməyən, Ermənistan ərazisində hər hansı fəaliyyəti olmayan şəxs – Kamil Zeynallı haqda İrəvana ekstradisiya qərarı verərsə, onda strateji müttəfiklikdən söhbət gedə bilməz.

Yəni Rusiya hüquq-mühafizə orqanlarının bu qanunsuzluğa əl atması faktiki olaraq Rusiya-Azərbaycan siyasi-strateji münasibətlərinə fundamental təsir göstərəcək.

Teqlər: