Kamall Abdulla Yaponiya XİN başçısının müavini ilə görüşdü

Kamall Abdulla Yaponiya XİN başçısının müavini ilə görüşdü

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini xanım Yoşikava Yuumin və Yaponiyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib.

AzerTimes xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Yaponiya və Azərbaycan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Bu əlaqələrin inkişafı və daha da genişləndirilməsi istiqamətində bir sıra zəruri tədbirlər görülməkdədir:

“Bu gün Yaponiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər özünü ən yüksək səviyyədə göstərməkdədir. Elmi və mədəni əməkdaşlıq baxımından da olduqca əlverişli imkanlarımız var. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri beynəlxalq müstəvidə bizə yeni əməkdaşlıq və mübadilə imkanlarını təqdim edir. Bu gün universitetimizdə iyirmidən çox dil tədris olunur. Bu dillər arasında Yapon dilinin xüsusi yeri var. Tələbələrimiz Yapon dilinə, tarixinə, mədəniyyətinə böyük maraq göstərir.

İstərdik ki, Yaponiyada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dili və mədəniyyətini təmsil edən mərkəz də fəaliyyət göstərsin. Bu qarşılıqlı əməkdaşlıq baxımından olduqca əhəmiyyətli məna kəsb edir.

Yaponiyada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dili və Mədəniyyəti mərkəzinin fəaliyyətə başlaması ADU-da fəaliyyət göstərən Yapon Araşdırmaları Mərkəzi ilə həmin mərkəz arasında sıx əməkdaşlıq münasibətlərinin qurulmasına da münbit şərait yaratmış olar. İnanıram ki, tezliklə bu istiqamətdə sizin də dəstəyinizlə mühüm addımlar atılacaqdır”.

Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini xanım Yoşikava Yuumin səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq imkanları yüksək dəyərləndirilir və həyata keçirilir. ADU ilə Yaponiyada fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən danışan qonaq elmi, mədəni mübadilənin mümkünlüyünü diqqətə çatdırıb.

Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən Yaponiya Araşdırmalar Mərkəzi ilə tanış olublar. Yapon dilini öyrənən tələbələrlə söhbət edən xanım Yoşikava Yuumin xoş təəssüratlarını ifadə edib. Yapon dilinə və mədəniyyətinə olan maraqdan məmnun olan qonaqlar tələbələrin suallarını cavablandırıblar. Gələcəkdə Yaponiyada təhsil almaq istəyən tələbələrin arzu və təklifləri dinlənilib.

Teqlər: