“Dövlətimizin başçısı Hacıqabul rayonuna səfərinin yekununda ölkəmizin tarixi inkişafının hazırkı mərhələsinin yol xəritəsini izah edərkən prioritet məsələlər kimi əsasən işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi, nəqliyyat infrastrukturlarının bərpası, elektrik enerjisi ilə təminat, ərazilərin , xüsusən Qarabağın şəhərlərinin yenidən qurulması məsələləri, həmçinin erməni faşistlərinin və havadarlarının hazırkı şəraitdə çirkin manevrləri və onların məkrli niyyətlərinin ifşa edilməsi problemlərinə hərtərəfli aydınlıq gətirdi, qarşıda duran strateji hədəfləri bir daha vurğuladı”.
Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov AzerTimes-a açıqlamasında aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəni şərh edərkən bildirib.
Millət vəkili demişdir ki, Prezidentimizin də xüsusi olaraq qeyd etdiyi kimi, dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, heç dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı.
Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Vətən müharibəsində xalqımız təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişdir, həm də erməni faşizminin nəfəsini kəsmişdir. “Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir – həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq – baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq.”
K.Qafarov bildirmişdir ki, hazırda Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. “Ali Baş Komandanımızın təbirincə desək, biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Millət vəkilinin təbirincə, bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Prezidentimiz İlham Əliyevin söylədiyi kimi, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır!”
K.Qafarov xüsusi olaraq qeyd etmişdir ki, dövlətimizin rəhbərinin Azərbaycan Televiziyasına verdiyi müsahibəsində indi bütün dünyanın diqqət mərkəzində olan məsələlər- “İsgəndər-M” raketinin Ermənistana gətirilməsi, ondan Vətən müharibəsində qanunsuz olaraq istifadə edilməsi və silah qaçaqmalçılığı məsələlərinə də çox kəskin və sərt münasibət bildirilmişdir. Ermənistanın əbədi havadarı olan Rusiyanın beynəlxalq və qonşuluq münasibətlərində bütün əndazələri aşan “İsgəndər-M” məsələsi ilə bağlı mövqeyini ortaya qoymaq tələbindən rəsmi Moskva müxtəlif bəhanələrlə yayınmaqdadır. “Prezidentimiz İlham Əliyev bu məsələdə prinsipial mövqe tutaraq qarşı tərəfə çox ciddi suallar ünvanlamışdır.İxrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, eksport – ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri isə daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur.”
Millət vəkili sonda xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə ilk dəfə olaraq indiyə kimi ictimaiyyətə açıqlanmayan bir sıra məsələlərdən söz açmış, öz fikir və mülahizələrini xalqımızla bölüşmüş və eyni zamanda cinayətkar dövlətə və onun havadarlarına birmənalı olaraq bildirmişdir ki, heç bir cinayət cəzasız qalmayacaq, günahsız insanların ölümünə bais olanlar bəşəriyyət qarşısında hökmən öz cəzalarını alacaqlar.