Kamaləddin Qafarov: Azərbaycan faşizm üzərində qələbənin qazanılmasına misilsiz töhfələr verib

“İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 77 il
keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük
töhfəsi və rolu olub. Xalqımız faşizm üzərində qələbə üçün özünün
600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Azərbaycanda
təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu
keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində
ləyaqətlə vuruşublar, böyük qəhrəmanlıqlara imza atıblar.
Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə
həlak olub. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün
orden və medallarla təltif edilməsi, 123 nəfərin isə Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.”

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, faşist Almaniyasının SSRİ-yə hücumu
və bu ölkənin İkinci Dünya müharibəsinə cəlb edilməsi ilə
Azərbaycanın yüzlərlə igid övladı da ölümsüzlüyə qovuşaraq adlarını
tarixə yazdırdılar: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı
general-mayor Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi
Hüseynzadənin, Gəray Əsədovun və başqa həmvətənlərimizin adları
postsovet məkanında yaxşı məlumdur. Brandenburq darvazası üzərində
qələbə bayrağını polkovnik Rəşid Məcidov və döyüşçüləri
dalğalandırmışlar. Azərbaycan oğulları faşizmə qarşı partizan və
müqavimət hərəkatında da fəal iştirak etmişlər. Azərbaycanlılar
Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı
ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və
İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist
müqavimət hərəkatında igidliklə vuruşmuşlar. Müharibə dövründə üç
mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada
müqavimət hərəkatında iştirak etmişlər. “Armed Mişel” (Xarqo) adı
ilə tanınan unudulmaz partizan Əhmədiyyə Cəbrayılov müqavimət
hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeninə və şəxsi
igidliyinə görə paradda generaldan qabaqda getmək hüququ verən
hərbi medalla təltif olunmuşdu. Azərbaycanın digər igid oğlu Mehdi
Hüseynzadə (Mixaylo) Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat
təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist
zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. O, 1944-cü
ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuş, 1957-ci ildə
Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.”

Kamaləddin Qafarov bildirib ki, xalqımız arxa cəbhədə də
misilsiz hünər göstərib, ordunun ehtiyaclarını ödəmək üçün
gecə-gündüz fədakarlıqla çalışıb: “Ümummilli lider Heydər Əliyev
İkinci Dünya müharibəsində Qələbənin 50 illiyi münasibətilə
keçirilən təntənəli iclasdakı nitqində demişdi: “Bu qələbədə
xalqımızın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycanın
nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm
amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında
çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər
neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal
olunurdu. Əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi,
texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola
bilməzdi… O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək
keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira
olunaraq, respublikamızda istehsal edilirdi”.

K.Qafarov bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə
dönüşündən sonra 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı
səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və
qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında
aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat,
qurub-yaratmaq eşqini daha da gücləndirdi.

Ulu öndər Heydər Əliyev tərəfindən müharibə veteranlarına
göstərilən diqqət və qayğını 2003-cü ildən bəri Prezident İlham
Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin
ildönümü respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident
İlham Əliyev hər il Qələbə günündə xalqımızın igid oğullarının əziz
xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə
görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. İkinci
Dünya müharibəsində ön və arxa cəbhədə rəşadət göstərmiş şəxslərə
və onların ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi
Azərbaycanda bir ənənəyə çevrilmişdir.”

Teqlər: