Harrisin namizədliyi rəsmi olaraq təsdiqlənməyib. Düzdür, Bayden Harrisin namizədliyini dəstəkləyib, çünki öz kampaniyasına vitse-prezidenti olaraq onu dəvət eləmişdi. Belə ki, ABŞ Konstitusiyasına görə, prezidentə nəsə olsa, onun vəzifə öhdəliklərini vitse-prezident yerinə yetirir. Aydın məsələdir ki, bu halda Bayden Harrisin namizədliyini irəli sürəcəkdi. Hazırda isə Demokratlar Partiyasının daxilində güclü rəqabət var.
Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyi ilə bağlı danışarkən deyib.
O bildirib ki, hazırda demokratlardan Hillari Klintonun yenidən hakimiyyətə qayıdıb, Trampa rəqib olmaq istədiyi ilə bağlı informasiyalar var:
“Digər tərəfdən, Mişel Obamanın da adı çəkilir. Bilirsiniz ki, Obama klanı çox güclüdür. Hətta Baydenin komandası belə Obama komandasının davamı sayılırdı. Bu baxımdan Mişel Obamanın namizədliyi də mümkün variantlardandır. Mən isə tamamilə sürpriz namizədin olacağını ehtimal edirəm. Düşünürəm, demokratlar daha gənc, radikal çıxışları ilə tanınan kişi namizədə üstünlük verəcəklər. Əlbəttə ki, demokratlarda bütün məsələlər səsvermə ilə olmur. Gedişat partiya rəhbərliyinin namizəd olaraq kimi görmək istədiyindən asılıdır”.
O bildirib ki, Harrisin Trampla mübarizədə qələbə şansı azdır:
“Çünki Bayden keçən seçkilərdə belə Trampa çox çətinliklə qalib gəldi. Bir çox ştat üzrə qalib Tramp idi. Sonradan elektron saxtakarlıq və s. kimi iddialar yayıldı. Xatırlayırsınızsa, Tramp hakimiyyəti də vermək istəmirdi. Ağ Evə, Konqresə Trampın tərəfdarları yürüş etdi və s. Baydenin özü Tramp qarşısında geri çəkildiyi, mübarizəni davam etdirə bilmədiyi halda onun müavini olmuş, Baydenlə birlikdə ad çıxarmış, kütlə tərəfindən o qədər də sevilməyən Kamala Harrisin Tramp qarşısında şansının çox olacağını düşünmürəm. Üstəlik onun ABŞ cəmiyyətində qıcıq doğuran açıqlamaları var. O, həmin çıxışları ilə yadda qalıb. Ona görə də Kamala Harrisin Trampla mübarizədə davam gətirəcəyini düşünmürəm”.