Kamal Abdullanın Ulu Öndərlə bağlı yeni kitabı…

Kamal Abdullanın Ulu Öndərlə bağlı yeni kitabı…

Yanvarın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə etnik və dini icmaların rəhbərləri, Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, elm və ictimaiyyət xadimləri də iştirak ediblər.

Tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, multikulturalizm anlayışının coğrafiyamız üçün əhəmiyyəti böyükdür:

“Bu gün ayrı-ayrı bölgələrdə etnik münaqişələr baş verir. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Bunu qoruyub saxlamaq isə bizim üçün əsas hədəfdir”.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə isə Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da qeyd edib ki, bu gün multikulturalizm həm siyasi, həm dini, həm elmi, həm də təhlükəsizlik məsələsidir.

Tədbirin sonunda kitabın müəllifi akademik Kamal Abdulla deyilən fikirlərə görə təşəkkürünü bildirib. Qeyd edib ki, kitab 2014-cü ildən bəri üzərində işlədiyi multikultural təhlükəsizlik ideyasının nəticəsidir.

Qeyd edək ki, nəşrin elmi redaktorları Azərbaycan Dillər Universitetinin Multikulturalizm mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, korrektor Şəlalə Nəqşanidir. Kitabda həmçinin Rəcəb Tayyib Ərdoğanın, Vladimir Putinin, Corc Buşun, Toni Bleyerin, Herhard Şröderin Ulu Öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb.

Teqlər: