Kamal Abdulla Venesuelanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüş keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib.

Rektor ADU-nun “Səfir saatı” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində tələbələrin bir çox səfirlərlə görüşü keçirilib. O, fövqəladə və səlahiyyətli səfir Kristofer Alberto Martinez Berroteran ilə görüşün tələbə və müəllimlər üçün maraqlı və faydalı olacağını vurğulayıb.

Görüşdə həmçinin iki ölkə arasında elmi, mədəni və təhsil təcrübələrini bölüşmək, qarşılıqlı əməkdaşlığın qurulması haqqında fikirlər səsləndirilib, elmi mübadilənin əhəmiyyətindən danışılıb. Akademik Kamal Abdulla Venesuela universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin, eyni zamanda ADU-da Venesuela Mərkəzinin açılması ilə bağlı təklif irəli sürüb: “Universitetimizdə 20-dən artıq ölkənin mərkəzi fəaliyyət göstərir. Tələbələr bu mərkəzlər vasitəsi ilə həmin ölkələrin dilini, mədəniyyətini, tarixini çox gözəl şəkildə mənimsəyirlər. Venesuela universitetləri ilə əməkdaşlıqda da çox maraqlıyıq”.

Xalq yazıçısı Kamal Abdulla səfirə Braziliyada nəşr olunan “Yarımçıq əlyazma” romanını hədiyyə edib.

Kristofer Alberto Martinez Berroteran ADU-da olmaqdan məmnun olduğunu deyib . O, təmsil etdiyi ölkədə Azərbaycan mərkəzinin açılması, eyni zamanda “Səfir saatı” layihəsində iştirak təklifini yüksək dəyərləndirib. Qeyd edib ki, təhsil, mədəniyyət və elm sahəsində yüksək səviyyəli əməkdaşlıq Venesuela üçün prioritet istiqamətdir:

“Bu təkliflərin hər birini məmnuniyyətlə qəbul edirəm. Təhsil istiqaməti Venesuela dövləti üçün, bizim səfirlik üçün çox vacib istiqamətdir. Təhsil, mədəniyyət və elm sahəsində əlaqələr diplomatların işini asanlaşdırır, diplomatik əlaqələri dərinləşdirir. Şübhəsiz ki, qarşılıqlı mərkəz yaratmaq perspektivi bizim dostluq əlaqələrimizə böyük töhfə verəcək”.

Teqlər: