Ural Federal Universitetinin (UFU) əməkdaşları ADU-nun qonağı olub.
AzerTimes xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, ADU ilə Ural Federal Universiteti arasında sıx elmi əməkdaşlıq davam edir, müəllim və tələbələrin yeni elmi təcrübələrlə tanışlığı müsbət nəticələrini göstərir.
ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, ADU-da iyirmi beşdən çox xarici dilin tədrisi aparılır. Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində yerli və xarici mütəxəssislərin təcrübələrindən istifadə olunur.
Ural Federal Universitetinin əməkdaşları Yuliya Vladimirovna, Anna Aleksandrovna, Rüstəm Müslümov, Yevgeniya Sergeyevna səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Qeyd olunub ki, universitetlər arasında elmi əməkdaşlığın perspektivləri artan dinamika ilə diqqəti cəlb edir. Bu da həm müəllimlərin, həm də tələbələrin yeni elmi biliklərə və bacarıqlara yiyələnməsi üçün əlverişli imkanların olması deməkdir.
Görüş gələcək elmi tərəfdaşlıq ətrafında müzakirələrlə davam edib.