Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minlə görüşüb.
AzerTimes xəbər verir ki, rektor Azərbaycan və Çin arasında elm, təhsil və mədəniyyət istiqamətində qurulan səmərəli əməkdaşlıqdan danışıb.
ADU-nun Konfutsi İnstitutunun və Xudjou Universitetindəki Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyətini müsbət qiymətləndirən akademik Kamal Abdulla gələcək əlaqələrin daha geniş və səmərəli qurulması üçün bundan sonra da vacib addımların atılacağını diqqətə çatdırıb:
“ADU-nun Konfutsi İnstitutu və Xudjou Universitetindəki Azərbaycan dili və mədəniyyəti mərkəzi qarşılıqlı əməkdaşlıq şəklində çalışırlar. Bu, gələcəkdə qurulucaq daha sıx əməkdaşlığın təməlidir. Universitetimizdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi diplomatların və tələbələrin böyük maraq göstərdiyi layihədir. Sizi böyük məmnuniyyətlə bu layihə çərçivəsində tələbələrlə görüşə dəvət edirik. Tələbələrimiz Çinə, onun dilinə, mədəniyyətinə, müasir dünyadakı yerinə böyük maraq göstərirlər. Şadam ki, Çin dilinin tədrisində çinli həmkarlarımızın iştirakını tez-tez görürük. Bu, bizim münasibətlərin yüksək göstəricisinin nümunəsidir”.
Qo Min “Məzun Günü” münasibəti ilə ADU-nun kollektivini və tələbələri təbrik edib, universitetin uğurlarından danışıb. Səfir qeyd edib ki, Azərbaycan Dillər Universiteti ölkədə və regionda keyfiyyətli təhsili ilə seçilən nüfuzlu və məşhur təhsil ocağıdır:
“Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, rəhbərlik etdiyiniz ali təhsil ocağında Çin dilinin tədrisinə, ölkəmizin tarixinin və mədəniyyətinin öyrənilməsinə böyük diqqət göstərilir. Konfutsi İnstitutunun uğurlu fəaliyyəti bizi çox sevindirir. İnstitut müxtəlif istiqamətlərdə çox faydalı tədbirlər və seminarlar təşkil edir. Xudjou Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi, Azərbaycan Dillər Universitetindəki Konfutsi İnstitutu iki ölkə arasında qurulan əlaqələrə vacib töhfə verir. Səfirlik bundan sonra da bu istiqamətdə atılan addımlara öz dəstəyini verəcək”.
Görüş iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə davam edib.